AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Alban kilsələri tarixinin mənimsənilməsinə yol verilməməlidir
Fev 02, 2021 | 11:37 / Konfranslar, iclaslar
Oxunub 40 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Azərbaycanın Şimal-Qərb bölgəsində kənd turizm potensialını tədqiq ediblər.

 Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, c.ü.f.d. dosent Zaur İmrani bildirib ki, regionun etnik kənd turizm potensialı öyrənilmiş, Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ inzibati rayonlarında müsəlman və xristian ingiloyların, avarların, saxurların, ləzgilərin və udinlərin kompakt yaşadıqları kəndlərdə təbii və antropogen turizm abidələrinə baxış keçirilmişdir. Bu zaman öz unikallığı ilə seçilən turizm abidələri ilə yanaşı, turizm sektorunda mövcud olan bir sıra problemlər də müəyyən edilib.

Məlum olmuşdur ki, bəzi turizm abidələri lazımı səviyyədə qorunmur, onların mühafizəsi aparılmır, ətraf ərazilərdə natəmizlik hökm sürür, kənd əhalisinin mal-qarası abidələrin hasara alındığı yerlərdə otarılır. Məsələn, Qax inzibati rayonunun Qum kəndində V əsrə aid Qum bazilikasının bərpasına və mühafizəsinə, Balakən inzibati rayonunun Katex kəndindəki Böyük səddin qalıqlarının ətraf ərazilərinin zibillikdən təmizlənməsinə, Zaqatala dövlət təbiət qoruğu ərazisində olan tarixi-mədəni abidələrin öyrənilməsinə və s. ehtiyac vardır.

Bölgədə turistlərin daha çox marağına səbəb olan bütün alban kilsələrinin gürcü alimləri tərəfindən gürcü abidələri kimi qələmə verilməsi adi haal alıb. Bunu Bondo Arveladzenin “Армянские или грузинские церкви в Грузии?!” əsərində açıq şəkildə görmək olar. Bundan başqa, alban tayfalarından olan gellər, XVII əsrdən etibarən “ingiloy” adlanan etnos və “Kürmük oba bayramı” da gürcüləşdirilir. Bu məsələ isə İlisu sultanlığı işğal edildikdən sonra (1844-cü ildən etibarən) bölgədə aparılan xristianlaşdırma siyasəti ilə bağlıdır.

Alim hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi alban kilsələrinin üzərinə lövhələrin qoyulması ilə kifayətlənməməli, hər bir alban kilsəsi barədə ətraflı məlumat verilməli, onların mühafizəsi işi təşkil olunmalı, “Alban kilsələri” marşrutu hazırlanmalı və turistlərə təqdim olunmalıdır. Eləcə də tarixçilər və coğrafiyaçılar bu istiqamətdə birgə elmi araşdırmalar aparmalı və qeyd edilən bu ciddi problemi aradan qaldırmalıdırlar.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015