AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM əməkdaşları təltif olunublar
Mart 19, 2021 | 11:57 / Konfranslar, iclaslar
Oxunub 28 dəfə

Martın 19-da AMEA Yer Elmləri bölməsində bölməyə daxil olan elmi müəssisə və təşkilatların bir qrup qadın əməkdaşı və Vətən müharibəsi iştirakçısı olan qazilərlə görüş keçirilib. Bölmə rəhbərinin müavini, AMEA Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov  bildirib ki, bölməyə daxil olan elmi müəssisə və təşkilatların bir qrup qadın əməkdaşı bölmə rəhbəri, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyasının elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə “Fəxri Fərman”la təltif ediliblər. AMEA-da çalışan xanımların ölkəmizdə elmin inkişafındakı xidmətlərindən danışan akademik Fəxrəddin Qədirov daha sonra “Fəxri Fərman”la təltif olunan xanımlara mukafatlarını təqdim edib. 

Qeyd edək ki, AMEA nəzdində RSXM-nin “Zəlzələlərin tədqiqatı” bürosunun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və “İnformasiya” şöbəsinin müdiri Vüsalə Rafiqqızı da təltif olunan qadınlar sırasındadırlar.

Daha sonra, akademik Fəxrəddin Qədirov Yer Elmləri bölməsinə daxil olan təşkilatlarda çalışan Vətən müharibəsinin qaziləri ilə görüşüb.

Görüşdə Müzəffər Ali Baş komandan, cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində iştirak edən qazilərin döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaətlərdən bəhs olunub. Qazilər Yer Elmləri bölməsinin  “Fəxri Fərman”ı ilə təltif ediliblər, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edilib. 

Məlumat üçün bildirək ki, görüşdə RSXM-nin Vətən müharibəsində iştirak edən əməkdaşları – Bərdə Seysmik stansiyanın müdiri Gəray Əsədov, Saatlı Seysmik stansiyasının müdiri Sadiq Haxıyev və “Zəlzələlərin tədqiqatı” bürosunun əməkdaşı Elsəvər Rəhimov da var.

AMEA nəzdində RSXM-nin  İnformasiya şöbəsi

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015