AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ alimi BDU-da keçirilən elmi seminarda ekoloji vəziyyətdən danışıb
Mart 17, 2022 | 03:44 / Konfranslar, iclaslar
Oxunub 258 dəfə

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov Bakı Dövlət Universitetində “Elm günü” ilə əlaqədar  “Azərbaycan təbiətini qoruyaq”  mövzusunda keçirilən Elmi seminarda iştirak edib.

Universitetin Coğrafiya fakültəsinin təşkil etdiyi tədbirdə fakültənin  professor-müəllim heyəti, magistrantlar və digərləri iştirak ediblər.

Seminarda respublikada olan ekoloji vəziyyət müzakirə edilib, milli park, qoruq və yasaqların vəziyyəti, meşələrin qırılması, sudan səmərəli istifadə, səhralaşma problemi, Azərbaycan təbiətinin qorunmasının kartoqrafik metodlarla öyrənilməsi haqqında məruzələr dinlənilib.

Zakir Eminov tədbirdə “Azərbaycan Respublikasında müasir ekoloji problemlər və onların həlli yolları“ mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, insan təbiətin bir hissəsidir və o özünü nə qədər güclü hesab etsə də təbiətdən – təbii şəraitdən, təbii ehtiyatlardan asılıdır. Ona görə də təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə edilməlidir. İnsanların planlaşdırılmamış təsərrüfat fəaliyyəti nəticəsində təbiətə ağır zərbə vurulur, ekoloji  disbalans yaranır. Mal-qaranın kütləvi şəkildə meşələrdə otarılması torpaq örtüyünün deqradasiyasına səbəb olur. “30-40 il əvvəl Kür ətrafında olan meşələrdən indi əsər-əlamət qalmayıb, Kiçik Qafqaz meşələri təhlükə qarşısındadır. Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, demək olar, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkir. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”, - deyə alim xəbərdarlıq edib.

Su ehtiyatlarının qiymətləndirilməsi məsələsinə toxunan Z.Eminov bu işin sonuncu dəfə 50 il qabaq aparıldığını diqqətə çatdırıb. O qeyd edib ki, artan əhalinin suya olan tələbatını təyin etmək üçün bu çox vacibdir.

Tədbirdə çıxış edənlər dövlət qurumları nümayəndələrinin belə seminarlarda iştirakını məqsədəuyğun hesab ediblər, dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində alim və mütəxəssislərin rəy və təkliflərinin nəzərə alınmasının vacibliyini diqqətə çatdırıblar.

Coğrafiya İnstitutunun Beynəlxalq

və İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015