AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Neft və Qaz İnstitutunda “Elm Günü” münasibətilə sessiya
Mart 30, 2022 | 11:48 / Konfranslar, iclaslar
Oxunub 241 dəfə

Sessiyanı giriş sözü ilə açan İnstitutun icraçı direktoru g-m.e.d, prof. Vaqif Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Elm günü”nün təsis edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında elmin böyük rolu vardır.

Alim vurğulayıb ki, müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir. Nəticədə AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi əsaslı olaraq təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün mühüm işlər görülüb.

Tədbirdə şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov "Neftqazçıxarmada modelləşdirmə və riyazi üsulların tətbiqi" mövzusunda elmi məruzə təqdim edib. O, çıxışında gənc tədqiqatçıların öz tədqiqat işlərini yerinə yetirərkən dayanıqlı qərarların əldə edilməsi məqsədilə modelləşdirmə və riyazi üsulların tətbiqinə önəm vermələrinin zəruri olmasını vurğulayıb.

İnstitutun şöbə müdiri f-r.e.d.  Ədalət Həsənov "Məhsuldar kollektorların açıq məsaməliyinin paylanması xüsusiyyətlərinin rəngli vizuallaşdırma modelin tərtibi" mövzusunda elmi təqdimatla çıxış edib. O, Neft və Qaz İnstitutunun alimlərinin Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin əməkdaşları ilə apardıqları birgə tədqiqatların nəticələri barədə danışıb. Məruzədə Moskudinskoye neft yatağının quyu kəsilişındəki məhsuldar horizontlardan biri üçün quyu karotajının, eləcə də kern nümunələrin mikrokompüter tomoqrafiyası məlumatlarının emalı nəticələri təqdim edilib.

Daha sonra Gənc Alim və Mütəxəssislər şurasının üzvləri Rahilə Əliyevanın "Qarabağın işıqlı gələcəyi", Aygün Qulizadənin "Azərbaycan İqtisadiyyatında neftin rolu", Sahilə Nəsibovanın "Palçıq vulkanı" və Məhəmməd Dadaşovun "Qara qızıl" mövzularında məruzələri dinlənilib.

Sonda Gənc Alim və Mütəxəssislər şurasının sədri Pünhan Səmədli göstərilən diqqətə görə rəhbərliyə təşəkkürünü bildirib və “Elm Günü” münasibəti ilə alim və mütəxəssisləri təbrik edib.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015