AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ

AMEA GEOLOGIYA İNSTITUTUNUN ƏMƏKDAŞI ELM SAHƏSI ÜZRƏ “GƏNCLƏR ÜÇÜN PREZİDENT MÜKAFATI”NA LAYİQ GÖRÜLÜB
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2014-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” 1 fevral 2014-cü il tarixli Sərəncamı ilə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslər Gənclər üçün Prezident mükafatları ilə təltif olunublar.
Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən elm sahəsi üzrə 8 gənc alimin namizədliyini irəli sürülən bu mükafata AMEA Geologiya İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərov layiq görülüb.
Mükafat 10 min AZN, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.
Qeyd edək ki, Səfərov Rafiq Tofiq oğlu 1984-cü il sentyabrın 16-da Bakı şəhərində anadan olmuşdur. O, 2005-ci ildə Bakı Dövlət Universitetinin geologiya fakültəsini geofizika ixtisası üzrə bitirmiş və həmin ildə Geologiya İnstitutunda elmi fəaliyyətə başlamışdır. O, 2005-ci ildə BDU-nun magistraturasına daxil olmuş və 2007-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. 2008-2011-ci illərdə "Geodinamika və Seysmologiya" şöbəsində elmi işçi, 2011-2012-ci illərdə böyük elmi işçi, vəzifələrində çalışmış, 2013–cü ildən şöbənin aparıcı elmi işçisidir.2008-2011-ci il tarixlərində Geologiya İnstitutunun aspirantı olmuş, geofizika ixtisası üzrə “Azərbaycan ərazisində müasir geodinamik şəraitin və seysmik təhlükənin GPS məlumatları əsasında tədqiqi” mövzusunda dissertasiya işini tamamlamış və müzakirəyə təqdim etmişdir.
R.T.Səfərov 01.10.2011-15.09.2012-ci il tarixində Yaponiya Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi İnstitutu, Yaponiya Milli Siyasi Tədqiqatlar İnstitutu və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təşkil olunmuş „Seysmologiya, Zəlzələ Mühəndisliyi, Sunami və Təbii Fəlakətlərin Nəticələrinin Azaldılması“ mövzusunda 52-ci İllik Təlim Kursunda iştirak etmiş və Nagoya Universitetinin magistraturasında oxumuşdur. O, burada tanınmış alimlərin (T.Yokoi, B.Shibazaki, H.Tatsuhiko, F.Yushiro, N.Hurukawa, Y.Yagi və b.) elmi mühazirələrində iştirak etmiş və onlarla birlikdə tədqiqat işləri aparmışdır. R.T.Səfərov, Yaponiyadakı magistr dissertasiyasını dünya miqyasında tanınmış, Naqoya Universitetinin professoru Takeşi Saqiyanın elmi rəhbərliyi ilə yerinə yetirmişdir. O dissertasiya işində seysmik və geoloji təhlükələrin qiymətləndirilməsi məqsədi ilə müasir proqram və alqoritmlərin hazırlanması üzərində tədqiqatlar aparmış və ilk dəfə Azərbaycan ərazisi uçun tətbiq etmişdir.
R.T.Səfərov 20 sentyabr – 22 oktyabr 2010-cu il tarixlərində Almaniya Yer Elmləri Tədqiqat Mərkəzinin təşkil etdiyi “Seysmologiya, Seysmik məlumatların Analizi, Təhlükənin Qiymətləndirilməsi və Riskin Azaldılması” mövzusunda Beynəlxalq təlim kursunda iştirak etmiş və burada dünyada tanınan bir çox alman, italyan, çin, türk alimlərindən dərslər almış və kursu müvəffəqiyyətlə başa vuraraq sertifikatla təltif olunmuşdur. Bundan başqa o, 17-28 iyun 2013-cü il tarixində Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzi tərəfindən təşkil olunmuş “Kontinentlərdə Zəlzələ tektonikası və təhlükəsi” mövzusunda elmi seminarda iştirak etmiş, Kembric, Oxford, Lids universitetlərinin alim və tədqiqatçılarının mühazirələrini dinləmiş, elmi-praktiki işlər yerinə yetirmiş və kursu müvəffəqiyyətlə başa vuraraq sertifikatla təltif olunmuşdur.
R.T.Səfərovun Azərbaycan ərazisinin müasir dinamikasının və gərginlik vəziyyətinin analizi və mikroseysmik rayonlaşdırma sahələrinə aid elm aləmində maraqla qarşılanan məqalələri vardır. O, bu problemlərə aid tədqiqatlarının nəticələrini ABŞ, Türkiyə, Fransa, Yaponiya, İtaliya və Rusiyada keçirilmiş beynəlxalq konfranslarda məruzə etmişdir.
R.T.Səfərov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant dəstəyi ilə həyata keçirilən “Bakı şəhəri ərazisinin mərkəzi hissəsinin mikrotremor ölçü məlumatları əsasında mikroseysmik rayonlaşdırılması” layihəsi çərçivəsində Bakı şəhəri üçün instrumental ölçmələr əsasında hazırlanmış mikroseysmik rayonlaşdırma xəritəsinin həmmüəlliflərindən biridir. O, Massaçusets Texnologiya İnstitutu (ABŞ) ilə birlikdə “Azərbaycan GPS şəbəkəsinin” qurulmasında və GPS ölçü monitorinqinin aparılmasında iştirak edir. R.T.Səfərovun apardığı tədqiqatlar nəticəsində ilk dəfə Azərbaycan ərazisində horizontal hərəkətlərin paylanması və gərginlik dəyişmələri öyrənilmiş, zəlzələ təhlükəsini daha dəqiq qiymətləndirmək üçün deformasiya enerjisinin akkumulyasiya etdiyi zonalar və qanunauyğunluqlar müəyyənləşdirilmiş, ilk dəfə regional qırılmaların dinamik xüsusiyyətləri müəyyən edilmişdir. Onun GPS şəbəkəsinin məlumatları əsasında hazırladığı Azərbaycan ərazisinin horizontal sürətlər xəritəsi Azərbaycan Respublikasının Milli Atlasına daxil edilmişdir.
R.T.Səfərov Massaçusets Texnologiya İnstitutu və AMEA Geologiya İnstitutunun ABŞ elm fondunun dəstəyi ilə “Ərəbistan-Avrasiya kolliziya zonasının dinamikası” mövzusunda apardığı elmi-tədqiqat işinin fəal icraçılarından biridir (prof. R.Reilinger, prof. F.Ə.Qədirov). O, İnstitutun ictimai həyatında və Gənc Alimlər Şurasının elmi-təşkilatı işlərində də fəal iştirak edir.
R.T.Səfərov eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur. O, Bakı Dövlət Universitetinin “Seysmologiya və Yer təkinin fizikası” kafedrasında “Yerin fizikası” fənnini tədris edir.
Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023