Sep 06, 2023 | 15:00 Maraqlı məlumatlar
Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı, gənc mütəxəssis İsmayıl İsmayılov Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Yardımlı Olimpiya İdman Kompleksində həyata keçirilən gənclərin fərdi inkişafına yönəlik “Youth for Sustainable Development” (Gənclər Davamlı İnkişaf üçün) adlı düşərgəsində iştirak edib.
Layihə çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri və onun tətbiq sahələri”, “Qeyri-formal təhsil və onun prinsipləri”, “Layihələrin yazılması prosesində ideyanın formalaşdırılması”, “Gənclərlə işdə rol modeli” və digər mövzular olmaqla ümumilikdə 14 istiqamətdə təlim sessiyası keçirilib. Həmçinin müxtəlif komanda oyunları və qrup işləri baş tutub, gənclər bilik və bacarıqlarını qeyri-formal təhsil metodları vasitəsilə təkmilləşdiriblər.
Təşəbbüskar və motivasiyalı 45 gəncin seçildiyi bu layihədə İsmayıl İsmayılov da sertifikatla təltif edilib.