Sep 18, 2023 | 10:00 Konfranslar, iclaslar
Sentyabrın 11-15-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Federal Tədqiqat Mərkəzi, Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidməti, Özbəkistan Respublikası Elmlər Akademiyasının Seysmologiya İnstitutu, Özbəkistan Elmlər Akademiyası, MDB üzv dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu, Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzinin birgə təşkilatçılığı ilə “Seysmoloji məlumatların müasir üsullarla emalı və təfsiri” mövzusunda XVII Beynəlxalq Seysmoloji Konfrans keçirilib.
Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları iştirak ediblər. RSXM-nin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev “Azərbaycanda tikinti sahələrində seysmik effektin dəqiqləşdirilməsi təcrübəsi”, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin kiçik elmi işçisi İlhamə Cəlilova “Bakı şəhəri ərazisinin seysmik təhlükə səviyyəsinin dəqiqləşdirilməsi məqsədi ilə mühəndisi-geoloji şəraitinin tədqiqi”, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin kiçik elmi işçisi Firuzə Mehdizadə “Bakı şəhərinin seysmik aktiv rayonlarında hidrogeoloji və geomorfoloji faktorlarının seysmik təhlükəyə təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin sonunda RSXM əməkdaşları təşkilatçılar tərəfindən sertifikatla təltif olunublar.
Sentyabrın 18-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli sertifikatları beynəlxalq konfransda iştirak etmiş RSXM əməkdaşlarına təqdim edərək onları təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.