AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
“6-cı Qitələrarası Geoinformasiya günləri (İGD)” adlı beynəlxalq konfrans keçirilib
Jun 14, 2023 | 12:01 Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Türkiyənin Mersin Universitetinin  təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “6-cı Qitələrarası Geoinformasiya Günləri (IGD)” adlı  beynəlxalq konfrans keçirilib.

Tədbirdən məqsəd geoinformatika sahəsində kritik problemlərin həlli yollarını, qabaqcıl prinsipləri araşdırmaq, müzakirə etmək və inkişaf etdirmək üçün akademik, elmi dairələr, sənaye və dövlət müəssisələrindən olan tədqiqatçı və mütəxəssisləri bir araya gətirmək olub.

Coğrafiya İnstitutunun baş direktoru c.e.d. Zakir Eminov və Mersin Universitetinin Geomatika Departamentinin müdiri Murat Yakar salamlama nitqi ilə çıxış ediblər. Konfransın sədri İnstitutun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov konfrans haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, 48-i Türkiyə, 29-u Azərbaycan, 13-ü İran İslam Respublikası, digərləri dünyanın müxtəlif ölkələrindən olmaqla 11 ölkədən 105 təqdimat təqdim edilib. Proqrama geodeziya, məsafədən zondlama, fotoqrammetriya, torpaq idarəçiliyi, kartoqrafiya, CİS və geodeziya sahələrində, o cümlədən qabaqcıl təcrübə və yeni tədqiqatlar üzrə onlarla təqdimat daxil edilib.

Konfrans işini 21 bölmədə 5 mövzu üzrə davam etdirib. Coğrafi İnformasiya sistemləri və kartoqrafiya, 2D-3D-4D GIS, məkan məlumatlarının yaradılması, mobil xəritəçəkmə, ağıllı şəhərlər və ağıllı kənd təsərrüfatı üçün məkan tətbiqləri, bina məlumat modelləşdirilməsi, fotoqrammetriya və uzaqdan zondlama, INSPIRE, LPIS, TUCBS və s. mövzularında ingilis dilində məruzələr dinlənilib, fikir mübadiləsi və müzakirələr aparılıb.

Konfrans özündə  geomatika mütəxəssisləri, eləcə də coğrafi məkanı öyrənən digər alim və mütəxəssislər üçün geniş didaktik və əməkdaşlıq imkanları ehtiva edib.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023