AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM əməkdaşı iki sertifikatla təltif olunub
Jun 09, 2023 | 10:00 Maraqlı məlumatlar

Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstərcilərinin yaxşılaşdırılması üçün “2022-ci il üzrə Yol Xəritəsi” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılğı və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin dəstəyi ilə gənc tədqiqatçıların ingilis dilində akademik yazı bacarıqlarının yaxşılaşdırılması məqsədilə həyata keçirilən  “Virtual EL Educator” proqramı başa çatıb. 

Amerikalı təlimçi Erin Karl tərəfindən keçirilən onlayn kursun birinci semestri 2022-ci ilin oktyabr-dekabr aylarında, ikinci semestri isə 2023-cü ilin mart-may aylarında təşkil edilib. Birinci semestrdə 90 gənc tədqiqatçı iştirak edib və onlardan daha yüksək nəticə göstərən 50 nəfər ikinci semestrə vəsiqə qazanıb. Onu da qeyd edək ki, kurs zamanı dinləmə, oxuma, danışma və yazı bacarıqları ilə yanaşı, akademik yazı, ünsiyyət, məlumat mübadiləsi və təqdimat bacarıqları üzrə təlimlər keçirilib.

Kursu uğurla başa vurmuş gənclərin sertifikatlarla təltif edilməsi məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tədbir keçirilib. 

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Salman Hacı və ingilis dili üzrə proqram koordinatoru Səbinə Abdullayeva, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov, AMEA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru,  dosent Esmira Əlirzayeva və digər əməkdaşlar iştirak ediblər. 

Tədbirdə  kursu uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib. AMEA nəzdində RSXM-nin “Bakı” seysmik stansiyasının əməkdaşı Nərmin Təhlətli ingilis dili kursunda hər iki semestr üzrə yüksək nəticə göstərdyinə görə təşkilatçılar tərəfindən iki sertifikatla təltif olunub. 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023