May 12, 2023 | 14:55 Yubileylər
Azərbaycanda geofiziki məlumatların emalı və interpretasiyası məktəbinin yaradıcılarından biri, geologiya-minerologiya elmləri doktoru Namaz Yusubov 1948-ci ilin may ayının 12-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Dərə kəndində anadan olub. 1965-ci ildə onbirillik məktəbi Çəmbərəkənd rayonunun Ardanış kəndində tamamlamış və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsinə qəbul olunub. 1970-ci ildə dağ mühəndisi, geofizik ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə 1970-ci ilin payızında “Azneftgeofizika” trestində çöl işləri aparan seysmik partiyada texnik-operator kimi başlamış Namaz Yusubov bu müəssisədə mühəndis-proqramçı, emal və interpretasiya işləri üzrə mühəndis, hesablama mərkəzinin baş geofiziki, trestin baş geofiziki, Əlcəzair Respublikasında ekspert-geofizik, “Kəşfiyyatgeofizika” trestinin (indiki SOCAR-ın Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü) müdiri kimi vəzifələrdə çalışıb.
Ötən əsrin 60-70-ci illərindən başlayaraq bütün dünyada geofiziki məlumatların rəqəmsal qeydiyyatı və emalı proseslərinə keçid dövrü hesab edilirdi. Məhz bu dövrdə əmək fəaliyyətinə başlamış Namaz Yusubov azərbaycanlı mütəxəssislərin iştirak etmədiyi bir işlə - proqramlaşdırma ilə məşğul olmağa başlayıb. Belə ki, o, nəinki Azərbaycanın, keçmiş Sovet İttifaqı ölkələrinin, o cümlədən Moskvada yerləşən Mərkəzi Geofizika Ekspedisiyasının mütəxəssisləri sırasında layiqli yerini tutub və söz sahibinə çevrilib.
1970-ci illərin əvvəllərində Azərbaycanda yaradılmış hesablama mərkəzinin inkişafında və Sovet İttifaqı çərçivəsində tanınmasında Namaz Yusubovun xidmətləri xüsusi qeyd edilməlidir. Gənc mütəxəssisi Azərbaycanda geofiziki məlumatların emalı və interpretasiyası məktəbinin yaradıcılarından biri kimi tanıdıb. Namaz Yusubov Azərbaycanda aparılmış 2D/3D geofiziki kəşfiyyat işlərinin layihələrinin tərtibi, geofiziki-geoloji məlumatların emalı və interpretasiyası üzrə tədqiqatların bilavasitə iştirakçısı və icraçısı kimi fəaliyyət göstərib, 100-dən artıq neftli-qazlı obyektin aşkarlanmasında iştirak edib. Gənc mütəxəssisin layihələri əsasında yaradılmış, müasir innovasiya texnologiyalarını özündə cəmləşdirən hesablama mərkəzi neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı sahəsindəki fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. O, geofiziki məlumatların emalı üzrə 3 proqram kompleksinin (КЦ ОГТ-1, СЦ ОГТ-2 və СЦС-3) həmmüəllifi olub. Seysmik yazıların süzgəclənməsi və spektral analizi, seysmik dalğa sahəsinin dinamik və kinematik parametrlərinin təhlili əsasında seysmostratiqrafik analizi, geoloji kəsilişin maddi tərkibinin proqnozlaşdırılması, seysmogeoloji və petrofiziki modelləşdirmə və s. kimi məsələlərlə bağlı apardığı tədqiqatlar əsasında bir sıra elmi-təcrübi nəticələr əldə edib, onların istehsalatda tətbiqinə nail olub. Palçıq vulkanizminin yaranma mexanizminin öyrənilməsi və onun neft-qaz yataqlarının yaranması ilə əlaqəliliyinin və az dərinliklərdə yaranan zəlzələ ocaqlarının tədqiqi üzrə bir sıra əhəmiyyətli elmi nəticələr əldə edib.
İstedadlI alim fəaliyyətini təkcə istehsalatla məhdudlaşdırmayıb. O, istehsalatdan ayrılmadan məzunu olduğu ali təhsil müəssisəsinin aspirantura şöbəsinə daxil olub, 1986-ci ildə “Mürəkkəb seysmogeoloji şəraitlərdə qeyd olunan seysmik yazıların emalı və interpretasiyası üsullarının işlənib hazırlanması və səmərələşdirilməsi” mövzusunda namizədlik, 2006-cı ildə "Azərbaycanın mürəkkəb geoloji quruluşlu neftli-qazlı rayonlarında seysmik kəşfiyyatın səmərəliliyinin seysmogeoloji modelləşdirmə əsasında yüksəldilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, bir elmi monoqrafiya, 4 kitab, 110 elmi məqalə (30 tezis olmaqla) müəllifidir, seysmik kəşfiyyat üzrə 3 cildlik və Tətbiqi və nəzəri geologiyanın qısa kursu dərslikləriin həmmüəllifidir. Həmçinin 30-dan çox səmərələşdirici təklif, 30-dan çox alqoritm və proqram müəllifidir.
O, əldə etdiyi nailiyyətləri hər birində iki il müddətində olmaqla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin tələbələri ilə bölüşməyə nail olub.
Namaz Yusubov 43 illik istehsalat fəaliyyəti dövründə Azərbaycanda seysmik məlumatların qeydiyyatının analoq şəklindən rəqəmsala keçid dövrünün mükəmməl təməl üzərində qurulmasını və inkişaf etdirilməsini təmin edən mütəxəssislər sırasında aparıcı mövqedə dayanıb. Hazırda innovativ texnologiyalara əsaslanan bu sahə SOCAR-ın Geofizika və Geologiya İdarəsinin qarşısında qoyulan axtarış kəşfiyyat işləri üzrə tədqiqatların müasir standartlar səviyyəsində yerinə yetirilməsini təmin edir.
O, Sovetlər dönəmində "Səmərələşdiricilər və ixtiracılar əlaçısı” döş nişanı, (1975-ci il) "Gənc mütəxəssislər sovetində" müvəffəqiyyətli fəaliyyətinə görə SSRİ Neft Sənayesi Nazirliyinin qiymətli hədiyyəsi (1977-ci il) ilə mükafatlandırılıb.
Namaz Yusubovun fəaliyyəti müstəqillik illərində də qiymətləndirilib. Belə ki, o, SOCAR-nın Fəxri fərmanı (2006-cı il) ilə təltif edilib, həmçinin neft sənayesi sahəsində xidmətlərinə görə 2009-cu ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" adına layiq görülüb və 2015-ci ildən Prezident təqaüdçüsüdür. O, eyni zamanda, Beynəlxalq Geofizika Cəmiyyətinin (SEG) fəal üzvü, “Azərbaycan Milli Geofizika Komitəsi” İctimai Birliyinin sədr müavini, "Azərbaycanda geofizika yenilikləri" jurnalının redaksiya heyətinin üzvüdür. Namaz Yusubov 2016-cı ildən Neft və Qaz İnstitutunda “Neft-qaz geofizikası” şöbəsinin rəhbəridir.
Namaz müəllimin 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və işlərində yeni nailiyyətlər arzu edirik!
G-m.e.d, prof. Vaqif Qurbanov
Neft və Qaz İnstitutun icraçı direktoru