Jun 06, 2023 | 11:20 Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun təşəbbüsü ilə yaradılmış CASPİSNET (Caspian İntegrated Scientific Network), ADA Universiteti, İsveçrənin Cenevrə Universiteti, həmçinin İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə iyunun 5-də CASPİSNET-in “Xəzər dənizinin xüsusiyyətləri: perspektivdə elm - siyasət - təcrübə interfeysi” mövzusunda illik toplantısının açılışı olub.
Toplantı BP Azərbaycan, Azərkosmos, “AzerGold” QSC, ARPA Consulting, “Hidroloq” MMC Fransanın və İtaliyanın Azərbaycandakı səfirlikləri, Azərbaycan-Fransa İnstitutu, SOCAR-FUGRO, Azərbaycanın Coğrafiya Cəmiyyəti (ACC), AMEA və digərlərinin dəstəyi ilə baş tutub. Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidentinin köməkçisi Rəqsanə Əsgərova, Coğrafiya İnstitutunun əməkdaşları - baş direktor Zakir Eminov, icraçı direktor Zaur İmrani, şöbə müdiri Səid Səfərov, böyük elmi işçi, həmçinin tədbirin təşkilatçısı, Cenevrə Universitetinin post-doktorantı, beynəlxalq CASPİSNET şəbəkəsinin koordinatoru Elnur Səfərov, SOCAR, NASA, Ekologiya və İqtisadiyyat nazirliklərindən, müxtəlif universitetlərdən nümayəndələr, eləcə də ABŞ, Fransa, İsveçrə, İtaliya və Rusiyadan tanınmış alimlər iştirak ediblər.
Cenevrə Universitetinin professoru Aleksandr Babak Hecazi tədbir iştirakçılarını salamlayib və tədbirin keçirilməsindən məqsədi açıqlayıb. Fransanın Azərbaycandakı səfiri Anne Boillon, Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, Azərbaycanın BMT-dəki nümayəndəsi Qalib İsrafilov, Rusiya EA-nın Okeanologiya İnstitutunun professoru Andrey Kostyanov və digərləri də çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, iclasın işinə uğurlar arzulayıblar.
Sonra “Xəzər hövzəsində qlobal dəyişiklik dinamikasının lokallaşdırılması: elm-siyasət interfeysi” plenar iclasında məruzələr dinlənilib.
CASPİSNET-in koordinatoru c.e.ü.f.d. E.Səfərov prof. Dr. Markus Stoffel, c.e.d. Səid Səfərov, Dr. Alexandre Hedjazi ilə həmmüəllif olduğu “Dəyişən iqlim şəraitində Xəzər dənizinin səviyyə problemi” mövzusunda məruzə edib. Alim Xəzərin problemlərinin hərtərəfli öyrənilməsi sahəsində aparılan elmi tədqiqatlardan, Xəzərin səviyyə problemlərinin Xəzəryanı ölkələrə təsirindən, Xəzər dənizinin sərvətlərinin gələcək nəsillər üçün qorunub saxlanılmasında həyata keçirilən işlərdən və s. söhbət açıb.
İclasda həmçinin “Şəhər inkişafı üzrə regional perspektivlər; perspektivdə regional risklər”, “Rəqəmsal və ekoloji transformasiya qarşısında ətraf mühit məlumatları”, “Xəzərin yaşıl enerji potensialı”, “Su tədqiqatı: yeni sərhədlər” və s. mövzularda məruzələr dinlənilib.
Tədbir iyunun 8-dək davam edəcək.