AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Beynəlxalq konfrans sona çatıb
May 30, 2023 | 15:50 Mühüm hadisələr

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans sona çatıb.

Konfransda elmi sessiyalar «Neft və qaz yataqlarının geologiyası, geokimyası, axtarışı və kəşfiyyatı, karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi və karbohidrogen sistemlərinin modelləşdirilməsi», «Neft və qazın axtarışı və kəşfiyyatının geofiziki üsulları və müasir texnologiyaları», «Neft və qaz yataqların işlənməsi, quyuların qazılması və süxurların mexanikası» kimi elmi sessiyalar, eləcə də  «Yerin deqazasiyası, istixana qazlarının emissiyaları və karbon qazının basdırılması şəraiti» elmi forumu keçirilib.  

Tədbirdə Neft və Qaz İnstitutunun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov “Şimal Abşeron qalxma zonasının dərinlik üzrə Mezo-Kaynozoy çöküntülərinin kollektor xüsusiyyətləri haqqında ”, Orta Doğu Texniki Universitetinin professoru Mahmut Parlaktuna “Cənubi Xəzər dənizinin təbii qaz hidrat potensialının tədqiqi”, Gürcüstan Texniki Universitetinin professoru Teymuraz Barabadze “Gürcüstanda qaz qovşağının yaradılması layihəsi” və Tel-Əviv Universitetinin professoru Lev Eppelbaum “Yer qabığındakı böyük gərginliklər və yeraltı karbohidrogen boru kəmərinin aşkarlanması” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransın sonunda gənc alim və mütəxəssislərdən Məryəm Mirzoyeva “Acınohur perspektivliyi ehtimal olunan neft-qaz rayonunun qravitasiya sahə məlumatlarının ədədi analizi”, Nərminə Təhlətli “2010-2020-ci illər ərzində Azərbaycanda palçıq vulkanları ətrafında gərginlik vəziyyətinin qiymətləndirilməsi”, Tural Məmmədov “İstismar quyularında istilik ötürmə prosesinə nəzarətin əhəmiyyəti və bu əməliyyatlarla bağlı problemlər haqqında” və Rahilə Əliyeva “Azərbaycanın azkarbonlu inkişaf strategiyasında avtomobil nəqliyyatının rolu mövzularında məruzələri dinlənilib.  

Konfrans iştirakçıları  həmçinin Daşgil palçıq vulkanına səfər ediblər. Ekspedisiyada Cənubi Xəzər hövzəsinin karbohidrogen sisteminin elementləri, təbii qazın yer səthinə sızmaları müşahidə edilib. Neftli-qazlı süxurların yer səthinə və təbii çıxışlarına baxış keçirilib. Konfrans iştirakçılarına geoloji proseslər və vulkanların fəaliyyətinin nəticələri və onun tarixi və unikal xüsusiyyətləri haqqında məlumat verilib. 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023