May 22, 2023 | 15:54 Görüşlər
Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aminə Muradova və şura üzvü Nazim Gəraylı Binəqədi rayonu 246 saylı məktəb-liseydə “Kiçik akademiya”nın cari tədris ili üçün son tədbirində iştirak ediblər.
Şagirdlərlə tanışlıqdan sonra “Kiçik akademiya”nın üzvləri “Şirin su problemi”, “Qlobal istiləşmə”, “Aral gölünün quruması problemi” mövzularında hazırladıqları tədqimatlarla çıxış ediblər.
Sonra Aminə Muradova orta təhsil müəssislərində kiçik akademiyaların yaradılmasının əhəmiyyətindən danışıb. Qeyd edilib ki, uğurlu layihələrdən sayılan belə akademiyaların yaradılmasında məqsəd respublika ümumtəhsil məktəblərində istedadlı gənclərin bilik və bacarıqlarının vaxtında aşkar edilməsi, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onlara dəstək olmaq və birgə elmi layihələrdə iştirak etmək vərdişlərinin aşılanmasından ibarətdir. Şura sədri elmi müəssisənin məktəblə əməkdaşlığının gələcəkdə də sıx davam edəcəyinə əminliyini bildirib.
Nazim Gəraylı da şagirdlər qarşısında çıxış edərək İnstitutda aparılan bəzi tədqiqatlar barədə məlumat verib. N.Gəraylı məktəblilərin hazırladıqları təqdimatlara münasibət bildirərək, onların qlobal problemlərin həlli yoluna fokuslanmasını alqışlayıb. Şagirdlərə dəstək olduqlarına görə tədbirdə iştirak edən məktəb rəhbərliyinə və müəllimlərə minnətdarlığını bildirib, gələcək işlərində uğurlar arzulayıb.