May 11, 2023 | 12:40 Mühüm hadisələr
Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru akademik Fəxrəddin Qədirov açaraq ümummilli lideri Heydər Əliyevin müasir müstəqil Azərbaycanın memarı və qurucusu olduğunu, ölkəmizin dünyada tanınmasında misilsiz xidmətlər göstərdiyini söyləyib. Bildirib ki, Ulu Öndərin geniş dünyagörüşü, nüfuzu sərhəd tanımır və ölkəmizin təbliğində mühüm rol oynayıb. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb.
İnstitutun icraçı direktoru g-m.e.d, professor Vaqif Qurbanov bildirib ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər liderlərdən asılı olur. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.
İnstitutun əməkdaşları Nuhbaba Şıxıyev, Lətif Sultanov, İsmayıl İsmayilov və Rahilə Əliyeva ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin əsas istiqamətlərindən biri olan dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması haqqında fikirlərini söyləmişlər.
Tədbirin sonunda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü əks etdirən video çarx nümayiş etdirib.