AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunun əməkdaşları beynəlxalq elmi konfranslarda iştirak ediblər
Sep 26, 2023 | 10:13 Konfranslar, iclaslar

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru c.e.d. Zakir Eminov və İnstitutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani Rusiyanın Ulan-Ude, Monqolustanın Ulan-Bator şəhərlərində Rusiya Elmlər Akademiyasının Baykal Təbiətdən İstifadə İnstitutunun filialı və Dorji Banzarova adına Buryat Dövlət Universitetinin təşkil etdikləri beynəlxalq elmi konfranslarda iştirak ediblər.

Rusiya Coğrafiyaçılar Cəmiyyəti Assosiasiyasının XIV Elmi Assambleyası çərçivəsində Ulan-Ude şəhərində  baş tutan beynəlxalq elmi konfrans  “Müasir Avrasiya: sosial-coğrafi təhlil”, Ulan-Bator şəhərində keçirilən konfrans isə  “Monqolustan və Rusiyada coğrafiya elminin inkişafı: müasir qlobal və Avrasiya kontekstində qarşılıqlı fəaliyyət potensialı” mövzularına həsr olunub.

Azərbaycan, Rusiya, Monqolustan, Çin, Bosniya və Herseqovinadan 300-dən çox alimin iştirak etdiyi tədbirdə Z. Eminov “Avrasiyada türkdilli dövlətlərin birliyi sosial-iqtisadi inkişafın əsasıdır”, Z. İmrani isə “Dayanıqlı inkişafın regional iqtisadi-coğrafi modeli” adlı məruzələrlə çıxış  ediblər.

Konfrans çərçivəsində iştirakçılar Buryat Respublikasının tarix muzeyi, Etnoturizm Mərkəzi, Kyaxra iqtisadi turizm zonası, Baykal gölü və onun problemləri, Çingiz xanın muzeyi, Axın-Tereldj Milli Parkı ilə də yaxından tanış olublar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023