AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Anım Günündə “Qarabağ: Mülahizələr və Düşüncələr” kitabının təqdimatı olub
Sep 28, 2023 | 11:17 Yeni nəşrlər

Baş direktor coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə  Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  elmi seminarı keçirilib.

Əvvəl torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Qarabağ şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitut rəhbəri tədbiri giriş sözü ilə açaraq 27 sentyabr tarixinin  Azərbaycanı həlledici, şərəfli qələbəyə aparan  yolun başlanğıcı olduğunu qeyd edib. O deyib ki, qəhrəman Azərbaycan ordusu cəmi 44 günə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdi.Vətəni canından üstün tutan, özünü hər an qurban verməyə hazır olan qəhrəman oğullarımız 30 illik Qarabağ həsrətinə son qoydular. Minlərlə şəhid verdik, oğullarımız şəhidlik zirvəsinə qürurla ucaldılar. Ali Baş Komandanın “dəmir yumruğ”u azğınlaşmış erməni terrorçularına yerini göstərdi. Xalqımız öz şəhid övladlarını heç zaman unutmayacaq, onların əziz xatirəsi daima ürəklərdə yaşayacaq.

Sonra Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyev  Qarabağ hadisələrinə həsr etdiyi “Qarabağ: mülahizələr və düşüncələr” adlı kitabının təqdimatı ilə çıxış edib. 

Coğrafiya İnstitutunun Elmi  şurasının qərarı ilə çap edilmiş kitabın elmi redaktoru coğrafiya elmləri doktoru Zakir Eminov, rəyçilər coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər İsmayıl Quliyev və Zaur İmranidir.

Bu monoqrafiya R.Fətəliyevin sayca 3-cü kitabıdır. Günün tələbinə uyğun publisistik, elmi-publisistik yazıları ilə dövri mətbuatda və internet  saytlarında mütəmadi çıxış edən müəllif bildirib ki, geniş oxucu kütləsi üçün nəzərdə tutduğu kitabda son illərdə Qarabağa dair dərc olunmuş yazıları toplanıb. Burada 44 günlük Vətən müharibəsi ərəfəsində xalqımızın vətənpərvərlik ruhu, Qarabağın maddi-mənəvi sərvətləri, faydalı qazıntıları, toponimləri, işğaldan azad olunması və inkişaf perspektivləri haqqında düşüncə və təklifləri, Qarabağ dağlarında tədqiqatlar apararkən şəxsən iştirak və müşahidə etdiyi hadisələr və s. haqqında maraqlı yazılar təqdim edilir. 

Kitab haqqında fikirlərini bildirən şöbə müdirləri c.ü.f. doktorları Müseyib Yunusov, Habil Haqverdiyev və başqaları çıxışlarında geniş oxucu kütləsinin marağına səbəb olacaq və oxunaqlı dildə yazılan bu kitabın elmi əhəmiyyətini xüsusi qeyd ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023