Oct 04, 2023 | 16:10 Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - icraçı direktor c.ü.f.d., dosent Zaur İmrani, Landşaftşünaslıq və landşaft planlaşdırlması şöbəsinin aparıcı elmi işçi c.ü.f.d., dosent Elina Kərimova və Turizm və rekreasiya coğrafiyası şöbəsinin dissertantı Aslan Babaxanov sentyabrın Gürcüstanın Tbilisi şəhərində keçirilən birləşmiş elmi seminarda iştirak ediblər.
Tbilisi Dövlət Universitetinin V.Baqrationi adına Coğrafiya İnstitutu və Qafqaz Ətraf Mühit üzrə QHT Şəbəkəsinin koordinatorluğu ilə Y.Libix adına Gissen Universitetinin Coğrafiya Departamenti tərəfindən təşkil edilən tədbir 2 mövzu üzrə - «Geoinkişaf: Cənubi Qafqazda geopark tədqiqatları üzrə çoxtərəfli elmi əməkdaşlıq - periferik regionlarda sosial-ekoloji inkişaf potensialının təhlili» və «Nəzəriyyədən praktikaya - Muxuri-geopark (Gürcüstan) təşəbbüsünə çoxtərəfli elmi dəstək» adları ilə keçirilib.
Aslan Babaxanov seminarda «Digital blueprint of geoparks: integrating habitats, culture, sustainable tourism and GIS» (“Geoparkların rəqəmsal planı: yaşayış yerlərinin, mədəniyyətin və davamlı turizmin inteqrasiyası və CIS») mövzusunda məruzə edib. Dissertantın çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Seminarda geniş müzakirələr, ümumilikdə regionda, xüsusən də Muxuri rayonunda geoparkın yaradılması və digər çoxsaylı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində iştirakçılar üçün Kolxida Milli Parkına, Muxuri ərazisinə, eləcə də tədqiqat və əsasında turizm mərkəzlərinin yaradılması üçün maraq doğuran Ptolemey mağarası, Martvili və Okatsi kanyonları, həmçinin Gürcüstanın digər geoloji və geomorfoloji obyektlərinə çöl ekskursiyaları təşkil olunub.