AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-nin nümayəndə heyəti Gürcüstanda səfərdə olub
Oct 27, 2023 | 14:39 Görüşlər

Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində ABŞ Enerji Departamenti Milli Nüvə Təhlükəsizliyi İdarəsinin dəstəyi, Ukrayna Elm və Texnologiya Mərkəzinin təşkilatçılığı ilə “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi üzrə tərəfdaş ölkələrin nümayəndə heyətlərinin toplantısı keçirilib. Toplantıda Azərbaycan, Gürcüstan, ABŞ, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Tacikistandan və digər  ölkələrdən nümayəndə heyətləri iştirak ediblər. 

İclasda Azərbaycanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə RSXM-nin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda görülmüş işlər haqqında çıxış edib. Tərəfdaş ölkələr arasında aparılan müzakirələrdən sonra layihənin müddətinin bir il uzadılması razılaşdırılıb. 

Xatırladaq ki, “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan ərazisində 22 yeni seysmik stansiya quraşdırılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023