AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunda Milli Təşəbbüs Qrupunun növbəti iclasi keçirilib
Oct 30, 2023 | 16:34 Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Scientific Network for the Caucasus Mountain Regions (Dağlıq Bölgələrin Davamlı İnkişafı üçün Qafqaz Şəbəkəsi)  və UNEP-in (BMT-nin Ətraf Mühit Proqramı) birgə layihəsi çərçivəsində Milli Təşəbbüs Qrupunun “İqlim dəyişmələri və antropogen təsirlər nəticəsində su ehtiyatlarında yaranan   problemlər” mövzusunda növbəti iclası keçirilib. 

Tədbirdə elmi, qeyri-hökumət, beynəlxalq təşkilatların, özəl sektorun və icra orqanlarının nümayəndələri iştirak ediblər.

Layihənin koordinatoru Fuad Bağırov və eksperti, Coğrafiya İnstitutunun  böyük elmi işçisi, c.ü.f.d Natəvan Cəfərova regional dialoqun və əməkdaşlığın inkişafı və planlaşdırılması üzrə görülən işlər,  su ehtiyatlarında yaranan problemlərin aktuallığı və beynəlxalq təşkilatların həmin problemin həll olunmasındakı marağından danışıb. 

Sonra Bakı Dövlət Universitetinin müəllimi Anar Nuriyev “Azərbaycanda sudan istifadənin müasir problemləri” və Xəzər Universitetinin şöbə müdiri Elşən Abdullayev “Qurunt sularında fosforun müəyyən edilməsi” mövzularında məruzələrlə çıxış ediblər.

İclasda suyun çirklənməsi, dəniz suyunun duzsuzlaşdırılması, Xəzərin səviyyəsinin azalması, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, suya qənaət, mövcud su ehtiyatlarından  səmərəli istifadə və s. kimi məsələlər haqqında çıxışlar dinlənilib, müzakirələr aparılıb, fikir və təkliflər irəli sürülüb.

Müzakirənin nəticələri və təkliflər haqqında  hesabat hazırlanaraq beynəlxalq layihə rəhbərliyinə göndərilməsi qərara alınıb.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023