Nov 02, 2023 | 09:49 Görüşlər
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir.
Sumqayıt şəhəri Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbin şagirdləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq mərkəzində olublar. Ekskursiya zamanı məktəblilərə RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun rəisi Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova zəlzələlər, onların başvermə səbəbləri, zəlzələ zamanı qeydə alınan məlumatların emalı, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova zəlzələlərin ocaq mexanizmləri, palçıq vulkanları, zəlzələlərin palçıq vulkanlarına təsiri, Geodinamika şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov Azərbaycan ərazisində fəaliyyət göstərən GPS stansiyaları, GPS stansiyalarından alınan məlumatların emalı və alınmış nəticələr haqqında məktəbliləri məlumatlandırıb. Həmçinin Zəlzələlərin tədqiqatı bürosunun böyük elmi işçisi Yer elmləri üzrə fəlsəfə doktoru Şirin İslamova məktəblilərə zəlzələ zamanı davranış qaydalarını izah edib. Məktəblilərə zəlzələ zamanı dalğanın necə qeydə alındığı əyani şəkildə göstərilib.
Tədbir məktəblilərin suallarının cavablandırılması ilə başa çatıb.