Nov 02, 2023 | 17:18 Yeni nəşrlər
Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Nazim Vəlişov və Tahir Kazımlının “Həqiqətin onomastikası – 2” (Qarabağ və Şərqi Zəngəzur) kitabının təqdimatı keçirilib.
Coğrafiya İnstitutun böyük elmi işçisi c.ü.f.d. Natiq Babayev kitabın elmi redaktoru, baş direktor professor Zakir Eminov isə redaksiya heyətinin üzvüdür.
Tədbirdə Milli Elmlər Akademiyasınin müvafiq elmi tədqiqat institutlarının, Təhsil Nazirliyi və ictimai təşkilatların nümayəndələri, eləcə də Coğrafiya İnstitutunun əməkdaşları iştirak ediblər.
İnstitutun baş direktoru professor Zakir Eminov tədbiri giriş sözü ilə açaraq kitab haqqında ümumi məlumat verib, əsərin ictimai-siyasi əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, kitabda Birinci Qarabağ Müharibəsi zamanı işğal edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin 1097 yaşayış məntəqəsi, 1960 oronim, 480 hidronim haqqında məlumat verilib. Bu ərazilərdəki toponimlər tədqiqat obyekti kimi linqvistik, tarixi və coğrafi baxımdan araşdırılmış, onların izahlı təhlili verilmişdir. Kitab Qarabağ və Şərqi Zəngəzurun qədim türk-oğuz yurdu olduğu təsdiq edən dəyərli mənbədir.
BDU-nun professoru Nurəddin Abbasov, i.e.ü.f.d. dosent İlqar Məmmədov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri professor Əsədulla Cəfərov, “Ərgünəş” nəşriyyatının baş direktoru yazıçı-publisist Oqtay Əliyev, “Dəmir yumruq” ictimai birliyinin sədri Ülviyə Vasifqızı və başqaları çıxış edərək kitab haqqında fikirlərini bildiriblər, müəlliflərin əsərin ərsəyə gəlməsində əməyini yüksək qiymətləndiriblər.