AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunun əməkdaşları Təbriz Sammitində iştirak ediblər
Nov 15, 2023 | 09:31 Konfranslar, iclaslar

Təbriz Universitetinin dəvəti ilə AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – baş direktor c.e.d., professor Zakir Eminov, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xanım Rzazadə və Azərbaycanın iqtisadi və siyasi şöbəsinin elmi işçisi Nicat İmamverdiyev İran İslam Respublikasında ezamiyyətdə olublar.

Səfərdən məqsəd Təbriz Böyük Şəhər Bələdiyyəsi, Təbriz Universiteti, İslam dünyası elmlərinin İstinad Bazası, İranın Elm və Texnologiyalar üzrə vitse-prezidenti, Elm, Tədqiqat və Texnologiya Nazirliyi və digərlərinin təşkilatçılığı ilə keçirilən “Təbriz Beynəlxalq İnvestisiya İmkanları Sammiti”ndə iştirak etmək  olub. 

Konfrans yaşayışın yaxşılaşdırılması, ağıllı və yaradıcı şəhər, bərpa olunan enerji, şəhər - regional infrastruktur layihələri, ətraf mühit və tullantılar, müalicə və sağlamlıq turizmi, kənd təsərrüfatı, nəqliyyat, ticarət və s. bu kimi İnvestisiya İmkanları üzrə Təbriz Beynəlxalq Konfransının potensial investisiya sahələrini əhatə edib.

Sammitdə çıxış edənlər - Şərqi Azərbaycan ostanının valisi, Təbriz şəhər Bələdiyyə sədri, Təbriz Cümə Məscidinin imamı, Təbriz Universitetinin rektoru, Türkiyənin Təbrizdəki baş konsulu, Lalə parkın sahibi olan iş adamı  və digərləri sammitin  sərmayə, iqtisadiyyat və davamlı şəhər və regional inkişaf sahəsində yeni və transformativ imkanlar yaradacağına əmin olduqlarını bildiriblər.

Sammitin gedişi zamanı baş direktor Zakir Eminov çoxsaylı kütləvi informasiya vasitələrinə Azərbaycanın Təbrizlə iqtisadi əlaqələrinin əsas istiqamətləri, potensial imkanları, büdcə müəssisələrinin yaradılması, Təbrizin inkişaf sahələrinə investisiya qoyuluşu və s. haqqında müsahibə verib.

Tədbirin rəsmi hissəsi Azərbaycan musiqisinin İranda və xaricdə alovlu təbliğatçısı, müğənni Rəhim Şəhriyarın kiçik konsert proqramı ilə başa çatıb.

Sonra konfrans işini panel iclaslarında  davam etdirib.

Professor Zakir Eminov  “Qarabağin demoqrafik inkişafinin  əsas istiqamətləri və nizamlanması” mövzusunda təqdimatla çıxış edib. Alim məruzəsində Azərbaycanın Qarabağ bölgəsinin əhali məskunlaşması və onun təsərrüfatın ərazi təşkilindəki rolu,  ərazinin əlverişli təbii-coğrafi şəraiti, məhsuldar torpaqları, aqroiqlim və su ehtiyatlarının əhalinin yerləşməsinə təsiri, şəhərlər və qəsəbələrin inkişafı son dövrdə qəbul edilmiş iqtisadi rayonlaşma bölgüsünə əsasən təhlil edib. O həmçinin, iqtisadi rayonda təbii artım və onun əmək ehtiyatlarının formalaşmasına təsiri, doğum və körpə ölümünün dinamikası və s. haqqında da məlumat verib. Bildirilib ki, Qarabağda və Şərqi Zəngəzurda başlanan milli münaqişələr, az vaxtdan sonra ərazilərin xeyli hissəsinin qonşu Ermənistan tərəfindən işğal edilməsi təbii artımın dinamikasına daha ciddi təsir göstərmişdir və bu proseslər əhalinin sayının aşağı templə artmasında da özünü göstərir

Elmi işçi Nicat İmamverdiyev “Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı, istifadəsi və perspektivləri” mövzusunda təqdim etdiyi təqdimatda Azərbaycanda yaşıl enerji mənbələrindən istifadə və onların perspektivləri,  xarici investorlar tərəfindən qurulan və qurulması planlaşdırılan bərpa olunan enerji mənbələrinə aid stansiyalar və s. haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, İran İslam Respublikası Azərbaycan təcrübəsinə əsasən xarici investorlar cəlb etməklə bu məzmunda layihələr reallaşdıra və ölkənin bərpa olunan enerji potensialını genişləndirə bilər.

Səfər zamanı azərbaycanlı nümayəndələr türkiyəli həmkarları ilə birgə Universitet şəhərciyi ilə tanış olublar, doktorant və magistrantlarla görüşdə iştirak ediblər, təbrizli alimlərin CİS sahəsindəki nailiyyətlərini müşahidə ediblər. 

Tədbirdən sonra azərbaycanlı və türk nümayəndələr üçün Təbrizin görməli yerlərinə və turistləri cəlb edən, evləri qaya daşları içərisində yerləşən qədim  Kənduvana səfər təşkil edilib.

Sonda Sammit iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023