AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyanın müasir problemlərinə dair II Beynəlxalq elmi-praktiki konfrans keçirilib
Nov 24, 2023 | 09:10 Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyasi” adlı II beynəlxalq elmi-praktiki  konfrans keçirilib.

Tədbir akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Bursa Uludağ Universiteti (Türkiyə), Qırğızıstan Təhsil Akademiyası, Cizzax Dövlət Pedaqoji İnstitutu (Özbəkistan), Tiraspol Dövlət Universiteti (Moldova), Dağıstan Dövlət Texniki Universitetinin (Rusiya) təşkilatçılığı ilə baş tutub.

İnstitutun baş direktoru professor Zakir Eminov qonaqları salamlayaraq giriş nitqi ilə çıxış edib. O qeyd edib ki, 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Coğrafiya  İnstitutunda Ulu öndərə  həsr edilmiş çoxlu sayda tədbirlər həyata keçirilmiş, 4 elmi konfrans olmuş, respublika dövlət qəzetlərində məqalələr nəşr etdirilmiş, əməkdaşlar onlarla elmi tədbirlərdə iştirak etmişlər. 

İclasda maraqlı məruzələr dinləniləcəyini bildirən baş direktor konfransın işinə uğurlar arzu edib və məlumat üçün sözü konfransın təşkilatçısı Zaur İmraniyə verib.

İnstitutun icraçı direktoru c.ü.f.d., dosent Z. İmrani tədbirin təşkilati işləri barədə iştirakçılara məlumat verdikdən sonra  fizika elmləri doktoru, dosent Yusif Alıyev, coğrafiya elmləri doktorları, professorlar Şövqi Göyçaylı,  Rza Mahmudov, Məqsəd Qocamanov, Çingiz İsmayılov, dosent Məhəmməd Abduyev, c.ü.f.d. Mirnuh İsmayılov çıxış edərək Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir, müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyev haqqında fikirlərini bölüşüblər, onun Azərbaycanın elm və təhsil məsələlərinə  verdiyi qiymət, elm adamlarına və təhsil işçilərinə göstərdiyi qayğıdan söhbət açıblar. Çıxış edənlər həmçinin, müasir coğrafiyanın problemləri və həlli yolları, elmlə təhsilin inteqrasiyası istiqamətində dinləniləcək məruzələrin, aparılacaq fikir mübadiləsinin, coğrafi məsələlərin həllində müsbət rol oynayacağını bildiriblər. 

Türkiyəli qonaqlar - Azərbaycan əsilli sənətşünaslıq doktoru, professor Rafiq İmrani və Kars (Türkiyə) Kültür Sanat Derneginin başkanı Vedat Akçayözun çıxışları iştirakçılarda xüsusi maraq doğurub. “Yeni kəşfləri ilə Ani” 400 səhifəlik nəfis tərtibli kitabını İnstituta hədiyyə edən müəllif V. Akçayöz  mənfur qonşularımızın qədim Ermənistanın paytaxtı hesab etdikləri Türkiyədəki sirli Ani  şəhərinin kəşfinə ömrünün 25 ilini həsr etdiyini diqqətə çatdırıb.

İclasda xarici ölkələrdən konfransa dəvət almış, lakin tədbirdə iştirak edə bilməyən nümayəndələrin təbrik videoları səsləndirilib.

Sonra konfrans işini plenar iclaslarda davam etdirib. 

İclasda su ehtiyatlarından istifadə, kənd təsərrüfatının ərazi təşkili, hidrometeoroloji problemlər, Xəzər dənizinin səviyyə problemləri, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlər, iqlim, toponimika, demoqrafiya, landşaft planlaşdırılması, torpaqlardan səmərəli istifadə, turizm və rekreasiya, coğrafiyanın tədrisi, ekologiya və s. mövzular ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Konfrans iştirakçılarının məqalələri “Coğrafiyanın müasir problemlərinə dair” 2  cildlik konfrans materiallarında nəşr edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023