AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın Yer Elmləri bölməsi və RSXM-nin birgə iclası keçirilib
Dec 14, 2023 | 17:13 Konfranslar, iclaslar

Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsi və RSXM-nin birgə iclası keçirilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair yekun hesabatının müzakirə olunduğu iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Yer elmləri bölməsinin rəhbəri akademik İbrahim Quliyev və  bölmə üzvləri, RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, Mərkəzin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

RSXM-nin respublikanın ayrı-ayrı rayonlarında yerləşən seysmik stansiyalarının rəhbərləri və əməkdaşları iclasa Zoom platforması vasitəsi qoşulublar.

İclasda çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən il ərzində olduqca mühüm işlər görülüb və çox yaxşı nəticələr əldə olunub.

RSXM tərəfindən il ərzində ölkə daxilində yüksək səviyyədə işlər görüldüyünü qeyd edən AMEA prezidenti bu ilin əvvəlində Türkiyədə baş vermiş zəlzələdən sonra qardaş ölkəyə dəstək məqsədi ilə RSXM-nin baş direktorunun rəhbərliyi altında Azərbaycan seysmoloqlarının zəlzələnin əsas episentri olan Kahramanmaraş şəhərində tədqiqatlar apardıqlarını bildirib.

AMEA prezidenti çıxışında işğaldan azad olunmuş ərazilərdə yeni seysmik stansiyaların quraşdırılması məsələsinə də toxunub. O, Şuşada qardaş Türkiyə Respublikası tərəfindən Azərbaycana hədiyyə olunan bir ədəd quyudubi seysmik stansiyanın quraşdırılması istiqamətində işlərin davam etdirildiyni deyib. Natiq həmçinin seysmologiya sahəsində elmi kadrların hazırlanması, seysmologiya ixtisası üzrə doktorantura pilləsinin açılması və RSXM-də Dissertasiya Şurasının yaradılması məsələsinin də gündəlikdə olduğunu bildirib. Eləcə də Mərkəzin xarici ölkələrin seysmoloji mərkəzləri, əsasən də Türkiyə DİN-nin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və TUBİTAK -la əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra RSXM-nin baş direktoru Qurban Yetirmişli 2023-cü il ərzində Mərkəzdə aparılmış elmi və elmi-təşkilati işlərə dair hesabatı təqdim edib. Baş direktor çıxışında Azərbaycandakı seysmik vəziyyət, eləcə də il ərzində aparılan kompleks seysmoloji-geofiziki-geodinamik və geokimyəvi tədqiqatların nəticələrini təqdim edib. Həmçinin Abşeron yarımadasındakı palçıq vulkanlarının dinamikasının yeni quraşdırılmış 12 seysmik stansiya vasitəsi ilə izləndiyini qeyd edən baş direktor bu tədqiqatların aparılmasında əsas məqsədin palçıq vulkanları ilə zəlzələlər arasında əlaqələrin öyrənilməsi olduğunu deyib.

Professor Qurban Yetirmişli çıxışı zamanı ilin əvvəlindən bu vaxta qədər qeydə alınan zəlzələlərin statistikasını da açıqlayıb. Onun sözlərinə görə, ilin əvvəlindən bu vaxta qədər 84 seysmik stansiya vasitəsilə Azərbaycan və ona bitişik ərazilərdə 9702, Azərbaycan ərazisində isə 4548 zəlzələ qeydə alınıb. Azərbaycan ərazisində maqnitudası 3-dən böyük  83 zəlzələ olub. Azərbaycan və ona bitişik ərazilərdə 37 hiss olunan zəlzələ olub. Azərbaycan ərazisində bu il baş verən ən yüksək maqnitudalı zəlzələ Xəzər dənizində qeydə alınıb. (4 iyul 2023-cü il  və 7 dekabr 2023-cü il tarixlərində Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələlər).

Professor Qurban Yetirmişli həmçinin il ərzində Mərkəzdə aparılan elmi-təşkilati işlər, informasiya təminatının gücləndirilməsi, Mərkəz əməkdaşlarının ixtisas və xarici dil biliklərinin artırılması, xarici ölkələrdə təhsil, eləcə də elm və təhsilin inteqrasiyası sahəsində yerli və xarici universitetlərlə əməkdaşlıq, Böyük Britaniyanın Oksford Universiteti ilə birlikdə aparılan paleoseysmoloji tədqiqatlar, əməkdaşların dünyanın nüfuzlu elmi jurnallarında dərc olunan məqalələri, RSXM-nin “Seismoprognosis observations in the territory of Azerbaijan" elmi jurnalının Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) Dərgi Parkına daxil edilməsi haqqında danışıb. 

Daha sonra AMEA-nın vitse-prezidenti, Yer elmləri bölməsnin rəhbəri, akademik İbrahim Quliyev və bölmə üzvləri çıxış edərək hesabatı yüksək qiymətləndiriblər. Hesabat bölmə üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023