AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunun illik fəaliyyətinin yekun hesabatı təqdim edilib
Dec 27, 2023 | 10:37 Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi və Coğrafiya İnstitutunun birgə iclasında AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekun hesabatı təqdim edilib.

Tədbirin əvvəlində iştirakçılar cari ildə dünyasını dəyişmiş geomorfoloq alim, şöbə müdiri, dosent Rəfael Abdullayevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

AMEA Yer Elmləri Bölməsi Elmi Şurasının sədr müavini akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələlər barədə məlumat verdikdən sonra Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov hesabat məruzəsi ilə çıxış edib.

Müəssisə rəhbəri bildirib ki, 2023-cü ildə İnstitut əməkdaşları öz elmi fəaliyyətlərini 2 problem əsasında - Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsi və adaptasiya təkliflərinin hazırlanması, eləcə də Xəzər dənizi ekosisteminin kompleks tədqiqi istiqamətlərində aparıblar.

Cari ildə 14 mövzuda: Geosistemlərdə təbii-antropogen təsirlər nəticəsində baş verən dinamiki dəyişikliklər və onların proqnozlaşdırılması; geomorfosistemlər və onların təbii-ehtiyat potensialı; su ehtiyatlarının müasir vəziyyəti və dağ çaylarının sülb axımı; iqlim dəyişmələri və səhralaşmada iqlim amili; düzən torpaq-bitki örtüyünün antropogen deqradasiyası və bərpası; Azərbaycan Respublikası regionlarının ekocoğrafi vəziyyəti; Pirqulu stasionarı və ona yaxın ərazilərdə torpaqlarının istilik və su-fiziki xassələri; regionların iqtisadi-coğrafi və demoqrafik problemləri; davamlı turizm fəaliyyəti; respublika əhalisinin həyat keyfiyyətinin müasir vəziyyəti; Azərbaycanın görkəmli coğrafiyaşünas alimlərinin coğrafiya elminin inkişafına verdikləri elmi-nəzəri töhfələr; Azərbaycanın coğrafi obyekt adlarının tədqiqi istiqamətində fəaliyyət göstərilib. Xəzər dənizinin Azərbaycan akvatoriyasında hidrofiziki sahələrin kompleks tədqiqi mövzularında aparılan 17 elmi-tədqiqat işindən  10-u tamamlanıb.

İnstitut rəhbəri 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar AMEA-nın Ümumi yığıncağının 16 mart 2023-cü il tarixli qərarına əsasən Coğrafiya Institutunda 4 konfrans olmaqla, ümumilikdə, 9 tədbir keçirildiyini diqqətə çatdırıb.

O qeyd edib ki, İnstitutun elmi işçiləri tərəfindən cari ildə  9 kitab, 5 dərs vəsaiti, 155 elmi məqalə, 8 tezis, o cümlədən yüksək indeksli jurnallarda 14 məqalə nəşr edilib.

2023-cü ilin fəlsəfə doktoru hazırlığı üzrə qəbul nəticələrinə əsasən 6 nəfər doktoranturaya (4 nəfər əyani və 2 nəfər qiyabi), 1 nəfər dissertanturaya, elmlər doktoru hazırlığı üzrə isə 4 nəfər dissertanturaya qəbul edilib. Cari il ərzində 1 nəfər magistr dissertasiya müdafiə edərək fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur.

İnstitut tərəfindən beynəlxalq əlaqələrin genişlənməsinə xüsusi yer ayrıldığını  qeyd edən professor cari ildə Rusiya, Özbəkistan, İtaliya, Çin, Qazaxıstanın elmi müəssisələri ilə əməkdaşlıq memorandumunun imzalandığını, ümumilikdə, 17 ölkə müəssisəsi ilə beynəlxalq əlaqələrin uğurla davam etdiyini diqqətə çatdırıb.

Z.Eminov fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, qrantlar, elektron elmin vəziyyəti, nəşr fəaliyyəti, konfranslar, sessiyalar, çöl tədqiqatları, seminarlar, yubileylər və görülmüş digər işlər barədə məlumat verib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb. Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, BDU-nun prorektoru, professor Fərda İmanov, BDU-nun kafedra müdiri professor Şövqi Göyçaylı, Coğrafiya İnstituunun şöbə müdirləri - AMEA-nın müxbir üzvü Rauf Qardaşov,  professor Rza Mahmudov və a.ü.f.d. Ənvər Əliyev çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.

Müzakirə və çıxışlardan sonra Coğrafiya İnstitutunun  2023-cü ildə elmi və elmi-təşkilati fəaliyyəti  haqqında  illik hesabatı yekdilliklə qəbul edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023