Jan 22, 2024 | 13:18 Maraqlı məlumatlar
AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi c.ü.f.d. Natiq Babayevin Xalq qəzetində “Toponimlər – tarixin “açar”ı” adlı məqaləsi dərc edilib.
Müəllif məqaləsində hər bir təbii coğrafi ərazi toponimiyasının tədqiq olunmasının müstəsna elmi-təcrübi, tarixi, siyasi əhəmiyyət daşıdığını, tarixi faktların qərəzsiz, elmi baxımdan tam və sistemli öyrənilməsinin vacibliyini gündəmə gətirir. Azərbaycandakı, xüsusilə işğaldan azad olunmuş ərazilərdəki çoxlu sayda mikrotoponimlərin daha geniş tədqiqini və bunun üçün çöl tədqiqat işlərinin aparılmasını, Azərbaycan toponimiyasının öyrənilməsinə həsr olunan konfransların mütəmadi keçirilməsini zəruri hesab edir. Bu sahədə məsələlərin daha sistemli həlli görüləcək işin keyfiyyətinə müsbət təsir edə, yaxşı nəticələr verə bilər.
Torpaqların xalqımıza məxsus olduğunu birmənalı olaraq təsdiqləyən Qərbi Azərbaycan toponimləri ilə bağlı dərin və əhatəli araşdırmalar aparan İnstitut tədqiqatçıları hazırda “Coğrafi fikir tarixi və toponimika” şöbəsində fəaliyyət göstərirlər. Alimin sözlərinə görə, 1973-cü ildə Coğrafiya İnstitutunda fəaliyyət göstərən “Coğrafi adlar (toponimika)” şöbəsinin adının bərpası məqsədəuyğun olar.