AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Elmi seminarda bazalt sütunları mövzusunda təqdimat keçirilib
Jan 25, 2024 | 09:45 Maraqlı məlumatlar

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunda baş direktor professor Zakir Eminovun sədrliyi ilə Elmi seminar keçirilib.

İclasda paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev “Azərbaycanın bazalt sütunları və onların geoturizmdə əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. 

Müəllif dünyada məşhur, Azərbaycanın Kiçik Qafqaz və Talış dağları bölgəsində qeyd edilən bəzi bazalt sütunları haqqında, onların geologiyası, geomorfologiyası və coğrafi yayılmasına dair ətraflı məlumat verib, ölkəmizdə geoturizmin inkişafı üçün bu tip təbiət abidələrinin təbliği və təşviqinin vacibliyini vurğulayıb. Alim tədqiq etdiyi Kəlbəcər (Zar kəndi, Tərtərçayın dərəsi), Tovuz (Əsrikçay dərəsi) və Lerik (Göydərə kəndi, Qaladağ) rayonlarında yerləşən bazalt sütunlarının çıxışlarının estetik və ekzotik cəhətdən yüksək geoturizm potensialına malik olduğunu vurğulayıb, onların maraqlı təbiət abidəsi kimi turistlər üçün cəlbedici olmasını elmi dəlillərlə əsaslandırıb, hansı geoloji dövrlərdə və şəraitdə əmələ gəlməsi və formalaşması xüsusiyyətlərinə, petroloji,  struktur, geomorfoloji və digər  özəlliklərinə dair maraqlı fikirlər yürüdüb.

R.Fətəliyev qeyd edib ki, Azərbaycanda aşkar edilən bazalt sütunlarına dəyərli təbiət abidəsi kimi diqqət artırılmalı, onlar  elmi cəhətdən daha mükəmməl öyrənilməlidir. Ölkəmizdə eko və geoturizmin inkişafına xüsusi önəm verilməsinin vacibliyindən danışan tədqiqatçı bazalt sütunlarını maraqlı geoturizm obyekti kimi qiymətləndirilməsinin, onların qeydə alınaraq təsnifatlaşdırılmasının, təbiət abidələrinin  qorunması üzrə maarifləndirmə  işlərinin gücləndirilməsinin  zəruriliyinə diqqət çəkib.

Alim sonda sadalanan istiqamətlər üzrə bir sıra konkret təkliflər irəli sürüb. 

İştirakçıların maraqla qarşıladıqları təqdimat geniş müzakirəyə və faydalı fikirlərin ortaya çıxmasına  səbəb olub.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023