Feb 01, 2024 | 16:01 Konfranslar, iclaslar
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqi keçirilib.
Məşqə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Mülki müdafiə qərargahı və Mülki müdafiə qüvvələrinin heyəti cəlb olunub.
“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda keçirilən tədbirdən məqsəd “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin yerinə yetirilməsi, RSXM-nin Mülki müdafiə sənədlərinin tələbinə uyğunluğunun, rabitə və xəbərdarlıq sisteminin hazırlığının, fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi üzrə Mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması, aşkar olunmuş çatışmazlığının aradan qaldırılması olub.
Bundan başqa, məşq zamanı fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili ilə bağlı Mülki müdafiə qüvvələrinin ştat strukturunun, təchizatının və funksional vəzifələrin dəqiqləşdirilməsi izah olunub.
RSXM-nin icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov tədbirdə çıxış edərək Azərbaycanda Mülki Müdafiə sahəsində görülən işlərdən danışıb. Rauf Muradov hadisələrdən və təbii fəlakətlərdən heç kimin sığortalanmadığını qeyd edərək, mülki müdafiə tədbirlərinin görülməsinin zəruriliyini vurğulayıb.
RSXM-nin Mülki Müdafiə Qərargahının rəisi Azad Rzayev tədbir iştirakçılarına məşqin keçirilməsinin əhəmiyyətindən, xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılmasından, eləcə də məşq zamanı ortaya çıxa biləcək çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək işlərdən söz açıb.
Daha sonra AMEA Rəyasət Heyətinin Mülki Müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev çıxış edərək təbii və texnogen səbəblərdən baş verən fövqəladə hadisələr və onlarla mübarizə imkanlarından danışıb.
Tədbir iştirakçıları fövqəladə hallar zamanı rəhbər heyətin kollektivlə qarşılıqlı fəaliyyəti barədə də məlumatlandırılıblar. Həmçinin məşq zamanı mülki müdafiə tədbirlərini özündə əks etdirən plan dəqiqləşdirilib.
Sonda mövzuya dair təlimat xarakterli videomateriallar nümayiş etdirilib.