Mar 07, 2024 | 10:52 Maraqlı məlumatlar
Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.
İnstitutun baş direktoru professor Zakir Eminov çıxış edərək qadınların cəmiyyətdə və ailədə tutduqları mövqeyindən söhbət açıb. Bildirilib ki, Azərbaycan qadını ailəsində fədakar ana, vəfalı ömür-gün yoldaşı, işgüzar ev xanımı, cəmiyyətdə isə öz yerini tutmuş bacarıqlı iş adamı, siyasətçi, gözəl mütəxəssis və ya ictimai xadimdir. Qadınları həyatımızın bəzəyi adlandıran müəssisə rəhbəri İnstitutun qadın əməkdaşlarını təbrik edərək onlara cansağlığı, işlərində və ailədə uğurlar arzu edib.
Təbriklərə qoşulan İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı, direktor müavini dosent Zaur İmrani, kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov, Qadınlar Şurasının sədri Solmaz Rzayeva, böyük elmi işçi Luiza Salayeva və başqaları çıxış edərək İnstitut qadınlarının uğurlarından və problemlərindən, rəhbərliyin onlara göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Tədbirin sonunda qadın əməkdaşlara bayram hədiyyələri təqdim olunub.