May 03, 2024 | 10:04 Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi c.ü.f.d. Natavan Cəfərova və İnstitutun dissertantı Şahnaz Amanova Gürcüstanın Tiflis şəhərində keçirilən “Cənubi Qafqazda su diplomatiyasında qadınlar” seminarında ekspert kimi iştirak ediblər.
Hollandiya Tədqiqat Şurası Qrantının və USAID-in Cənubi Qafqaz Regional Su İdarəçiliyinin dəstəyi ilə təşkil edilən tədbir Cənubi Qafqazda qadın, su, sülh və təhlükəsizliyin qarşılıqlı əlaqələrini araşdırmaq və müxtəlif səviyyələrdə transsərhəd su ilə bağlı qərar qəbuletmə proseslərində qadınların iştirakını dəstəkləmək və təkmilləşdirmək üçün yolları nəzərdən keçirmək məqsədi daşıyıb.
Qadınların su, o cümlədən transsərhəd su ilə bağlı qərarların qəbul edilməsində və diplomatiyada iştirakına yönəldilən seminarda bu sahədə onlara dəstək, su idarəçiliyi, ekoloji əməkdaşlıq və dialoq üzrə işləyən qadınlar arasında regional şəbəkənin yaradılması məsələləri müzakirə edilib.