May 08, 2024 | 14:24 Maraqlı məlumatlar
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə AMEA nəzdində RSXM-nin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Ötən əsrin 60-70-ci illərində Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin postsovet respublikaları arasında öz inkişafına görə ön sıralarda olduğunu qeyd edən şöbə müdiri Heydər Əliyevin keçmiş SSRİ-nin dövlət rəhbərliyində yüksək vəzifə tutan yeganə azərbaycanlı olduğunu deyib. Vüsalə Rafiqqızı çıxışında həmçinin, ötən əsrin 90-cı illərin əvvəllərində ölkəmizdə yaranmış siyasi xaos və Azərbaycan dövlətçiliyinə yaranmış təhdidlər, torpaqlarımızın işğalı haqqında da ətraflı danışıb.
1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycanda siyasi böhranın aradan qaldırıldığını və ölkəmizin iqtisadi inkişaf yolu tutduğunu qeyd edən şöbə müdiri çıxışında Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanmasının tarixi əhəmiyyətinə də toxunub.
Vüsalə Rafiqqızı Azərbaycanda seysmologiya elminin inkişafında, eləcə də ölkəmizdə ən müasir seysmik stansiyalar şəbəkəsinin quraşdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu haqqında da danışıb. Azərbaycanda seysmologiya elminin inkişafında Ulu Öndər Heydər Əliyevin böyük əməyinin olduğunu qeyd edən natiqin sözlərinə görə, baxmayaraq ki, həmin dövrdə Azərbaycanın maliyyə imkanları elə də böyük deyildi, 2000-ci il 25 noyabr Bakı zəlzələsindən sonra Ulu Öndərin göstərişi əsasında ölkəmizə ən müasir seysmik cihazlar və stansiyalar alındı. Yeni stansiyaların alınmasından sonra Azərbaycanda yeni seysmik stansiyalar şəbəkəsi yaradıldı və bu gün ölkəmiz aparılan seysmoloji tədqiqatların səviyyəsinə görə dünya ölkələri arasında ön sıralardadır. Vüsalə Rafiqqızı bu gün də Azərbaycanda seysmologiya sahəsinin inkişafının dövlət rəhbərliyinin diqqətində olduğunu deyib.
Heydər Əliyevlə bağlı xatirələrini danışan şöbə müdiri mətbuatda çalışdığı dövrlərdə Ulu Öndəri müşayiət edən jurnalistlər qrupunda çalışdığını da xoş sözlərlə xatırlayıb.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bütün sahələrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Vüsalə Rafiqqızı Ulu Öndərin ən böyük arzularından birinin Qarabağı azad görmək olduğunu deyib. “Prezidentimiz İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanın siyasi iradəsi və qətiyyəti sayəsində Ulu Öndərin Ata vəsiyyəti həyata keçirildi. Şanlı ordumuzun əsgər və zabitlərinin, hər qarış torpaq üçün canından keçən şəhidlərimizin və qazilərimizin sayəsində 30 illik torpaq nisgilimizə son qoyuldu. Əminəm ki, bu gün Ulu Öndərimizin də, şəhidlərimizin də ruhu şaddır. Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad edirik".
Daha sonra RSXM-nin Elektron Xidmətlər şöbəsinin hazırladığı Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.