May 15, 2024 | 17:24 Mühüm hadisələr
Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun tədbirlər planına uyğun olaraq "Yaşıl dünya” naminə həmrəylik ili" çərçivəsində silsilə tədbirlər və əməkdaşların bu tədbirlərdə iştirakı davam edir.
İnstitutun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d. Etibar Bədəlov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində orta məktəblərdə keçirilən tədbirlərdə iştirak edib.
Mayın 23-də COP29-la bağlı Suraxanı rayonunun 232 saylı tam orta məktəbində təşkil edilən görüşdə E.Bədəlov şagirdlərə mövzuya uyğun geniş məlumat verib. Məktəblilər COP, onun keçirilməsinin (xüsusilə Azərbaycanda) əhəmiyyəti, iqlim dəyişiklikləri, onun yaratdığı problemlər, ölkəmizdə keçirilən uyğun tədbirlər və s. haqqında ətraflı məlumat əldə ediblər.
Sonrakı gün coğrafiyaçı alim Nizami rayonunun 129 saylı tam orta məktəbində “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində keçirilən “Azərbaycanı tanıyaq və tanıdaq” adlı festivalın iştirakçısı olub. Tədbir zamanı şagirdlərin Azərbaycanın coğrafiyası, ədəbiyyatı, mədəniyyəti, və s. barədə biliklərinin genişləndirilməsi, onlara milli iftixar hissini aşılamaq məqsədi ilə təşkil edilən “Dəyirmi masa”da E.Bədəlov ölkəmizdə gedən böyük quruculuq işləri, həyata keçirən genişmiqyaslı tədbirlər, həmçinin Bakıda keçiriləcək COP29-un əhəmiyyəti, iqlim dəyişikləri və s. haqqında şagirdlərə geniş məlumat verib.