May 21, 2024 | 10:00 Yubileylər
Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının iclasında Paleocoğrafiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Yelena Tağıyevanın 65 illik yubileyi qeyd edilib.
Yubilyarın elmi-ictimai fəaliyyəti haqqında müfəssəl məlumat verən İnstitutun baş direktoru professor Zakir Eminov bildirib ki, Y.Tağıyeva Azərbaycan ərazisinin və Qafqazın bitki örtüyü və iqliminin tropik, subtropik, savanna və digər bitki tiplərinin dəyişmə qanunauyğunluqlarını aşkar etmiş, müxtəlif dövrlər üçün iqlimin kəmiyyət göstəricilərini təyin etməklə istiləşmə və soyuqlaşma dövrlərini verə bilmişdir. O, 115-dən çox elmi məqalənin müəllifi, 3 kitabın həmmüəllifidir. «Azərbaycanın Milli atlası»nda «Bitki aləmi» bölməsındə 8 xəritəsi çap olunub.
Y.N.Tağıyevanın çoxşaxəli elmi fəaliyyəti yalnız paleocoğrafiya sahəsini deyil, eyni zamanda ekologiya sahəsini də əhatə edir. Respublikada konservasiya və biomüxtəlifliyin qorunması üzrə 10-dan çox layihənin iştirakçısı, Ümumdünya Təbiəti mühafizə fondunun Qafqaz ofisinin regional ekspertidir, Avropanın Paleobotaniklər, Palinoloqlar Birliyinin və Rusiya Palinoloji Cəmiyyətinin üzvüdür.
Coğrafiyaçı alim hazırda arxeoloqlarla birlikdə Qarabağda və Kür-Araz ovalığında kurqanlar və yaşayış məskənlərinin öyrənilməsi əsasında qədim insanların yaşam mühitinin bərpası üzrə uğurla tədqiqat işləri aparır.
İnstitut kollektivi adından yubilyarı təbrik edən müəssisə rəhbəri Yelena xanıma cansağlığı, gələcək elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edib.