May 30, 2024 | 09:27 Konfranslar, iclaslar
Rusiya Federasiyasının Voronej şəhərində Dövlət Meşə-Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən “Demoqrafiya və qlobal çağırışlar” mövzusunda III Beynəlxalq demoqrafik forumda Proqram Komitəsinin üzvü kimi AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov və “Demoqrafiya və Azərbaycanın əhalisi” şöbəsinin baş elmi işçisi dosent Etibar Bədəlov iştirak ediblər.
Forumda qlobal dünyada demoqrafik dəyişikliklər, iqtisadi-demoqrafik, coğrafi, siyasi və sosioloji tədqiqatlar, əhaliyə tibbi-demoqrafik proseslərin təsiri insanların reproduktiv sağlamlığı, ailələrə və ailə dəyərlərinə dəstək məsələləri hüquqi, psixoloji və sosial tədqiqatlar, həmçinin müasir geodemoqrafik proseslərin dinamikası sahəsində geniş müzakirələr aparılıb.
Konfransın plenar iclasında Z.Eminov “Azərbaycan Respublikasında demoqrafik inkişaf və məskunlaşmanın regional problemləri”, E.Bədəlov “Azərbaycan və qonşu ölkələrin şəhər əhalisinin demoqrafik dəyişikliyi” mövzusunda məruzə ilə çıxış ediblər. Yaxın və qismən uzaq olan 30-a qədər ölkənin son 50 ildə urbanizasiya prosesləri və şəhər məskunlaşması, aqlomerasiya və meqalopolislərin formalaşması, həmçinin son illərdə baş verən demoqrafik proseslərin inkişaf xüsusiyyətlərini slayd vasitəsilə təqdim edilib.
Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.