AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
“Riyazi modelləşdirmə üsullarının geologiya elmində tətbiqi” mövzusunda lektoriya keçirilib
Jun 05, 2024 | 14:54 Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda (GGİ) keçirilmiş növbəti lektoriya  “Riyazi modelləşdirmə üsullarının geologiya elmində tətbiqi və mövcud vəziyyəti” mövzusunda lektoriya keçirilib.

Tədbirin əvvəlində  giriş sözü söyləyən İnstitutun baş direktoru akademik Akif Əlizadə GGİ-də artıq xoş ənənə xarakteri almış lektoriyaların  hər dəfə yeni mövzulara müraciət edildiyinin əhəmiyyətini, bu tədbirə marağın artdığını, gənc tədqiqatçı-alimlərin həvəsini xüsusilə vurğulayıb. Bildirib ki, lektoriya planlarını hazırlayarkən gələcəkdə dinləyici arzularını nəzərə alınacağı da istisna deyil. Önəmli odur ki, hər sahədə elmə maraq  aktuallığını itirmir.

Sonra Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun şöbə müdiri t.e.d., professor, AMEA-nın müxbir üzvü Qərib Calalovun mühazirəsi maraqla dinlənilib.  Alim diqqətə çatdırıb ki,  son illər təbiət elmlərinin bütün sahələrində riyazi üsullardan və EHM-dan geniş istifadə edilir. Hazırda geologiya elminin də müasir və gələcək inkişafını bu üsullarsız təsəvvür etmək mümkün deyil. Geoloji tədqiqatlarda riyazi üsulların tətbiqi neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsinin müxtəlif mərhələlərində istifadə edilən geoloji üsulların təkmilləşməsinə xidmət edir”.

Diaqram və vizual üsullardan istifadə edən Q.Calalov bildirib ki, geoloji obyektlər çox mürəkkəb təbii dinamik sistem olduğundan bu üsulların tətbiqi əvvəlcə həll edilə bilməyən və yaxud intuitiv həll edilən məsələləri aydınlaşdırmağa imkan verir. Yəni riyazi üsullarin effektivliyi bilavasitə geoloji məsələlərin qoyuluşundan, xüsusiyyətlərindən, tədqiqat sahəsinə ümumi geoloji baxışdan asılıdır. Geoloji proseslərin modelləşdirilməsinə riyazi yanaşma müəyyən məsələlərin keyfiyyətcə şərhini asan izah etməkdən əlavə, onların həllinə də imkan yaradır”.

Sonda mühazirəni diqqətlə dinləyən iştirakçıların suallarına aydınlıq gətirilib, mövzu ətrafında çıxışlar səslənib.

Akademik Akif Əlizadə Qərib Calalova GGİ kollektivi adından təşəkkür edib. 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023