AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Сoğrafiyaçı alim palinoloq və paleobotaniklərin beynəlxalq tədbirində iştirak edib
Jun 05, 2024 | 10:54 Görüşlər

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutu Paleocoğrafiya şöbəsinin müdiri coğrafiya elmləri doktoru Yelena Tağıyeva Çex Respublikasının Praqa şəhərində keçirilən XV Beynəlxalq Palinoloji Konqresin və XI Beynəlxalq Paleobotanika Konfransının (IPC/IOPC) birgə iclasının iştirakçısı olub. 

Tərəqqi və innovativ tədqiqatların mübadiləsi məqsədi ilə dörd ildən-bir toplaşan Beynəlxalq Palinoloqlar və Paleobotaniklər Birliyinin builki konfransında  51 ölkədən 520 təmsilçi iştirak edib.

Konfransda məruzə ilə çıxış edən Y.Tağıyeva Mərkəzi Azərbaycanın Qarabağ düzündə İsmayılbəytəpə neolit məskəni üçün palinologiya, fitolit analizi və qeyri-tozcuqlu palinomorflar (AES) sahəsində əldə olunan nəticələri təqdim edib. O göstərib ki, tədqiqatlar arxeoloji abidənin formalaşması zamanı onun məskunlaşmasının müxtəlif mərhələlərində baş verən prosesləri başa düşməyə imkan yaradır. Qazıntı zamanı aşkar edilən fosil sporlar, polen və bitkilər Yerdəki həyatın təkamülünü göstərir, keçmişin ekologiyası və paleoiqlimi haqqında mühüm məlumat verir.

Coğrafiyaçı alim palinoloqlar və paleobotaniklərin yüz milyonlarla il ərzində baş verən iqlim dəyişikliklərinin əla məlumat bazasına malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, floristik dəyişikliklər qlobal miqyasda regionun ekologiyasını və iqlimini yüksək dərəcədə dəqiqliklə göstərir. Paleontologiya, o cümlədən palinologiyanın əsas prinsipi odur ki, “indiki zaman keçmişi dərk etmək üçün açardır”.

Sonda alim iqlim dəyişilikləri vəziyyətində gələcəkdə nələrin baş verə biləcəyini görmək üçün keçmişi öyrənməyin vacib olduğuna diqqət çəkib.

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023