Jun 13, 2024 | 09:59 Yubileylər
Elm və Təhsil Nazirliyi akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyevin 70 illik yubileyi qeyd edilib.
Rəşid Fətəliyev 1954-cü ildə Ağstafa şəhərində doğulub, 1971-ci ildə orada orta məktəbi, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirib.
1976-77-ci illərdə Rusiyanın Oryol vilayətində, 1977-89-cu illərdə Azərbaycanın Kiçik Qafqaz Ekspedisiyasında geoloq, böyük geoloq və baş geoloq, o cümlədən, 1986-89-cı illərdə SSRİ-nin texniki yardımı çərçivəsində Kuba Respublikasında məsləhətçi-böyük geoloq kimi çalışıb.
Xarici ezamiyyətdən qayıtdıqdan sonra R.Fətəliyev 1989-cu ildən 1992-ci ilə qədər Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsinin mərkəzi aparatında, geoloji şöbədə böyük geoloq, rəhbərlik yanında xarici-iqtisadi məsələlər üzrə aparıcı mütəxəssis vəzifələrində işləyib.
1992-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinə dəvət olunub, Aparatın neft və kimya şöbəsində məsləhətçi, ekologiya bölməsinin müdiri, şöbə müdirinin müavini, Dövlət qulluğunun baş müşaviri vəzifələrində çalışib. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
2015-ci ilin dekabrında təqaüdə çıxdıqdan sonra akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyir. Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosentdir, 40-dan çox elmi məqalənin və 3 monoqrafiyada müvafiq bölmənin müəlliflərindəndir.
Bir neçə xarici dil bilən R.Fətəliyev Türkiyə, Norveç, Fransa, İran, Yunanıstan, Almaniya, Yaponiya və s. xarici ölkədə keçirilmiş beynəlxalq görüşlərdə və konfranslarda iştirak və çıxışlar edib.
R.Fətəliyevin elmi jurnallarda məqalələrlə yanaşı, günümüzün aktual məsələlərinə, təbiətə və təbiət hadisələrinə dair 100-çox elmi-kütləvi və publisistik yazısı respublikanın müxtəlif mətbu orqanlarında və internet saytlarında dərc edilib, 3 kitabı işıq üzü görüb.
Coğrafiya İnstitutunun rəhbərliyi, Həmkarlar Təşkilatı, eləcə də bütün kollektivi Rəşid müəllimi 70 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı, tükənməz enerji, yeni-yeni yaradıcılıq uğurları arzu edir.