AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
“Xəzər hövzəsi keçid dövründə...” mövzusunda beynəlxalq konfrans keçirilib
Jun 21, 2024 | 09:43 Konfranslar, iclaslar

Fransa-Azərbaycan Universitetində (UFAZ) “Xəzər hövzəsi keçid dövründə, yer elmləri və ətraf mühit problemləri arasında körpü 2024” adlı konfrans keçirilib. 

Tədbirin əsas təşkilatçılarından biri CASPİSNET-in koordinatoru, AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi  c.ü.f.d Elnur Səfərovdur. 

4 gün davam edən konfrans Bp şirkətinin baş sponsorluğu, UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, CASPISNET-in təşkilatçılığı, həmçinin EiGroup və ARPA Consulting şirkətlərinin dəstəyi  ilə baş tutub.

Konfrans “Xəzər hövzəsinin georesurslarının tədqiqi və qorunması”, “Geotəhlükələrin qiymətləndirilməsi və qarşısının alınması”, “Keçid dövründə iqlim dəyişikliyi və davamlılıq” və “Yer elmləri sahəsindəki sərhədlər” adlı 4 əsas mövzu əsasında təşkil olunub. Tədbirə Azərbaycanla yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, İran, Fransa, Birləşmiş Krallıq, Türkiyə, Norveç, İsveçrə, Cənubi Afrika, İtaliya, Finlandiya və İsraildən də iştirakçılar qatılıblar.

Dəyişməkdə olan dünyada Yer elmlərinə dair əsas çətinlikləri müzakirə etmək üçün zəngin bir platformaya çevrilən konfransda Yer elmlərində yeni yanaşmalar, metodologiyalar və məlumatlar müzakirə edilib, keçid dövründə dünyanın problemləri, georesursların kəşfiyyatı və davamlılığı, geotəhlükələrin qiymətləndirilməsi və qarşısının alınması, həmçinin təbii və antropogen sistemlərin qlobal dəyişikliklərə davamlılığı kimi məsələlər araşdırılıb. Konfransda həmçinin COP29 çərçivəsində müzakirə olunan davamlılıq və iqlim dəyişmələri ilə bağlı məsələlərə dair mövzulara da toxunulub.

Elnur Səfərov Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri və CASPİSNET-in idarə heyətinin üzvü,  c.e.d., dosent Səid Səfərovla birgə müəllif olduqları “Xəzər dənizinin müasir səviyyə dəyişmələrinin əsas xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

 

 

 

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023