Jun 27, 2024 | 10:10 Maraqlı məlumatlar
Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun aparıcı elmi işçisi Bəhruz Əhədov “2024-2025 Fulbright Visiting Scholar” proqramının qalibi olub. Bu prestijli proqram çərçivəsində B.Əhədov ABŞ-də qabaqcıl elmi tədqiqatlar aparmaq imkanı qazanacaq.
Fulbrayt təqaüdü dünyanın müxtəlif ölkələrindən olan alimlərə və tədqiqatçılara elmi fəaliyyətlərini inkişaf etdirmək və beynəlxalq əlaqələr qurmaq imkanı yaradır. “Fulbright Visiting Scholar” təqaüdü dünyanın 100-dən çox ölkəsindən təxminən 850 xarici alimə ABŞ universitetlərində və ya digər akademik müəssisələrdə post-doktorantura tədqiqatları aparmaq üçün qrantlar təklif edir. Bəhruz Əhədovun bu təqaüdü qazanması onun elmi fəaliyyəti və uğurlarının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Bəhruz Əhədov Fulbrayt təqaüdü ilə ABŞ-də "InSAR Analysis of the Interplay Between Earthquakes and Mud Volcanoes in Azerbaijan"( Azərbaycanda Zəlzələlər və Palçıq Vulkanları Arasında Qarşılıqlı Əlaqənin InSAR Texnologiyası ilə Təhlili) mövzusu üzrə fəaliyyət göstərəcək, elmi tədqiqatlarını genişləndirəcək və yeni bilik və təcrübə əldə edəcək. Elmi işlərində əsasən kosmik geodeziya texnologiyalarından olan, optik və radar məsafədən zondlama texnologiyaları, xüsusilə InSAR texnologiyası istifadə edərək yer səthinin hərəkətləri, zəlzələlər, vulkanlar, sürüşmələr və torpaq çökmələri kimi təbiət hadisələri, iqlim dəyişikliyi və ekoloji problemlərin öyrənilməsi sahəsində tədqiqatlar aparan alim ABŞ-də bu texnologiyaları daha da təkmilləşdirəcək, son texnoloji yenilikləri mənimsəyəcək və yeni dataların (NISAR) ilk dəfə Azərbaycan ərazisi üçün tətbiqini həyata keçirəcək.