Jun 25, 2024 | 16:13 Görüşlər
AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun alimləri – baş direktor professor Zakir Eminov, şöbə müdirlərindən professorlar Rza Mahmudov, Əmir Əliyev, dosent Nəriman Paşayev və böyük elmi işçi dosent Etibar Bədəlov Gəncə şəhərində ezamiyyətdə olublar.
Coğrafiyaçı mütəxəssislər yerli alimlər, eləcə də ADPİ-nin baş müəllimi Qalib Səmədovla yanaş Gəncə Dövlət Universitetinin “Tarix-Coğrafiya” kafedrasının doktorantı Firəngiz Bağırova ”Gəncə-Daşkəsən sənaye qovsağında təsərrüfatın səmərəli ərazi təşkilinin iqtisadi-coğrafi aspektləri“ mövzusunda yazdığı dissertasiya işinin şöbə müzakirəsində iştirak edərək, mövzu ətrafında çıxış ediblər.
F.Bağırova ölkə üzrə sənaye qovşaqlarının əhəmiyyətindən, ölkə üzrə sənayenin səmərəli ərazi təşkilinin əsas istiqamətləri, sənayenin öyrənilməsinin nəzəri-metodiki əsasları, sənaye qovşaqlarının iqtisadi-coğrafi xüsusiyyətləri və inkişaf problemlərindən bəhs edib. İddiaçı çıxışında Gəncə-Daşkəsən sənaye qovşağının təsərrüfat sahələrinin əsas istiqamətləri, infrastruktur sahələrinin ərazi təşkili və inkişaf perspektivləri, həmçinin Gəncə şəhərinin sosial-demoqrafik və iqtisadi inkişaf istiqamətləri mövzusunda təhlil aparıb.
İclasın sonunda qeyd edilib ki, dissertasiya işi Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və qeyd olunan nöqsanlar nəzərə alınmaqla ilkin müzakirəyə buraxıla bilər.