AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya atlasının yeni nəşrinin təqdimatı keçirilib
Sep 13, 2024 | 09:48 Yeni nəşrlər

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 6-11-ci sinif şagirdləri üçün yenicə çapdan çıxmış coğrafiya atlasının təqdimatı keçirilib.

Tədbirdə İnstitut əməkdaşları ilə birgə orta ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrinin coğrafiya müəllimləri və mütəxəssislər, eləcə də Atlası nəşr edən "Çaşıoğlu Eİ" MMC və KİV nümayəndələri  iştirak ediblər. 

Yenilənmiş  xəritələr toplusunun üzərində İnstitutun baş direktoru professor Zakir Eminov, 175 saylı məktəbin coğrafiya müəllimi Aygün Əliyeva, Təhsil İnstitutunun böyük elmi işçisi Təranə İsmayılova, BDU-nun kafedra müdiri Saleh Nağıyev, Coğrafiya İnstitutunun şöbə müdiri Nəriman Paşayev işləyiblər. BDU-nun coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, Coğrafiya İnstitutunun şöbə müdiri Solmaz Rzayeva və İlahə Kərimova nəşrə rəy yazıblar.

Professor Zakir Eminov çıxışında bildirib ki,  Azərbaycanın ümumtəhsil məktəblərində fənn tədrisinin keyfiyyətini artırmaq məqsədilə dərsliklər mütəmadi olaraq yenilənir, daha zəngin məlumatlarla təchiz edilir və dövri olaraq yenidən nəşr olunur. Coğrafiya dərsində istifadə olunan dərsliklərlə yanaşı, əlavə materialların, xəritələrin və məlumat kitablarının hazırlanması da vacibdir. Bu vəsaitlər müəyyən mövzuların öyrənilməsində əsas informasiya mənbəyi kimi çıxış edir.

Bu gün dünyanın əksər regionlarında, o cümlədən Azərbaycanda baş verən sosial-demoqrafik, ictimai-siyasi və iqtisadi proseslərin xəritələrdə əks etdirilməsi önəmlidir. Siyasi, həmçinin siyasi-inzibati xəritələrdə olan dəyişikliklər, coğrafi adların yenilənməsi və iqtisadi inkişafdakı irəliləyişlərin bu materiallarda əks olunması tədris prosesinin daha effektiv aparılmasına kömək edir.

Atlas həm məzmunu, həm də texniki keyfiyyəti ilə fərqlənir. Yeni Atlasda son dövrlərdə Azərbaycanın siyasi-inzibati xəritəsində və iqtisadi inkişafında baş verən dəyişikliklər, iqtisadi rayonların sərhədlərinin yenidən müəyyənləşdirilməsi xüsusi olaraq nəzərə alınıb və bu, xəritələrdə öz əksini tapıb. Bundan əlavə, yeni nəşr edilmiş coğrafiya atlası yüksək keyfiyyətlə işlənib,  atlasın elektron bazası müasirləşib və istifadəsi daha rahat hala gətirilib. 

İnstitut direktoru yeni Atlasın ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələr üçün də faydalı bilik mənbəyi olacağına, müəllim və şagirdlərin ondan istifadəsinin asanlaşacağına əmin olduğunu bildirib. 

Tədbirdə çıxış edənlər yeni nəşrin üstünlüklərindən danışıblar, onun yeni dərs ili üçün hədiyyə kimi qəbul etdiklərini bildiriblər.

Sonda iştirakçılara nəşriyyat tərəfindən Atlas və Coğrafiya ensiklopediyası  hədiyyə edilib.

 

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023