Sep 23, 2024 | 09:50 Müsahibələr, çıxışlar
“Xalq qəzeti”nin bugünkü sayında “Azərbaycan demoqrafik böhranla üzləşə bilərmi?” başlığı altında Coğrafiya İnstitutunun direktoru professor Zakir Eminovun müsahibəsi dərc edilib.
İnstitut rəhbəri bildirir ki, sosial-iqtisadi çətinliklər, miqrasiyaların intensiv xarakter alması, əhalinin say artımının azalması, nikah yaşının yüksəlməsi, yeni ailə quranların sayının kəskin azalması, boşanmaların artması, uşaq ölümləri və s. əhali sayının azalmasına səbəb olur.
Azərbaycanda demoqrafik inkişafın və məskunlaşmanın nizamlanması üçün “Demoqrafiya və əhali sakinliyi” Qanunun hazırlanması və qəbul edilməsi vacibdir. Həmçinin regionların inkişafı, onların demoqrafik və iqtisadi, sosial-mədəni potensialı arasında nisbətin tarazlığı təmin edilməlidir.
Bu gün dünyanın əksər ölkələri demoqrafik böhran astanasındadır. Yaxın bir neçə ildə böhran daha da kəskinləşə bilər. Yaranmış vəziyyətin real olaraq qiymətləndirilməsi və həlli yollarının müəyyən edilməsinin vaxtı çatıb. Ona görə ölkədə Demoqrafik Tədqiqatlar Mərkəzinin yaradılmasına ehtiyac var.
Coğrafiya İnstitutunda demoqrafik inkişaf sahəsində geniş elmi tədqiqatlar aparılır, məqalələr və monoqrafiyalar nəşr edilir, aparılan tədqiqatların nəticələri dünyanın nüfuzlu elmi jurnallarında çap olunur. Amma tədqiqatların daha səmərəli, dəqiq aparılması, praktiki işlərin həyata keçirilməsi üçün kadrlara, eləcə də cihaz, avadanlıq, texniki vasitələrlə ehtiyac vardır. Zəif təminat problemlər yaradır, çox hallarda tədqiqatlar tamamlanmır, nəticələr yarımçıq qalır, onların aidiyyəti orqanlar tərəfindən qəbul edilməsində çətinliklər əmələ gəlir.
İnstitut rəhbəri fikrini “İnanıram ki, bu problemlər tezliklə aradan qaldırılacaq və bizim işlərin keyfiyyəti də yüksələcək” sözləri ilə bitirib.