AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Özbəkistanın Qabaqcıl Texnologiyalar Mərkəzinin əməkdaşları Geologiya və Geofizika İnstitunda olublar
Sep 26, 2024 | 15:24 Görüşlər

Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin Qabaqcıl Texnologiyalar Mərkəzinin əməkdaşları sentyabrın 23-25-də  GGİ-də qonaq olublar. 

Qabaqcıl Texnologiyalar Mərkəzinin əməkdaşları Mərkəzin “Geofizika və nanomineralogiya” şöbəsinin rəhbəri, texniki elmlər namizədi Azamat Zakirov və həmin şöbənin gənc mütəxəssisi Bobur Abduraxmonov iki ölkə arasındakı elmi əməkdaşlığın gücləndirilməsi üçün atılan addımlar çərçivəsində İnstitutumuza rəsmi səfər ediblər. Qonaqlar İnstitutumuzun geofizika, seysmologiya, geologiya, geomaqnetizm, radiometriya, geotermiya və digər sahələrdə fəaliyyətləri ilə yaxından maraqlanmış, İnstitutun alimləri ilə müxtəlif görüşlər keçiriblər. Görüşlərdə seysmologiya, geodinamika, GPS texnologiyalar, arxeogeofizika üzrə birgə elmi əlaqələrin genişləndirilməsi, beynəlxalq layihələrdə birgə iştirakın təmini, gənc kadrların hazırlanmasında təcrübə mübadiləsinin effektiv surətdə aparılması məsələləri müzakirə olunub. 

Qonaqlar İnstitutdakı “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi”, “Müasir geodinamika və kosmik geodeziya”, “Dinamiki geologiya”, “Yerin radioaktiv sahələri”, “Yer təkində istilik-kütlə daşınma” şöbələrinin fəaliyyətləri ilə tanış olmuş, həmçinin tədqiqatlarda istifadə olunan müasir avadanlıqlarla, eləcə də kataloqlara əsaslanan üsullarla seysmik təhlükənin qiymətləndirilməsi tədqiqatları üzrə, həmçinin seysmo-geodinamika və seysmo-tektonika və digər istiqamətlərdə aparılan tədqiqatlar üzrə nəticələrlə tanış ediliblər.       Özbəkistanlı qonaqların  Geologiya və Geofizika İnstitutuna səfəri “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin rəhbəri y.e.d., dosent Qulam Babayevin hamiliyi ilə reallaşıb. 

 Qonaqların ölkəmizə ezamiyyəti sentyabr ayının 29-na kimi davam edəcək.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023