AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı alimlər Xəzərin səviyyəsi ilə bağlı müsahibə veriblər
Sep 26, 2024 | 15:34 Müsahibələr, çıxışlar

24 Sentyabr Beynəlxalq Dəniz Günü münasibətilə Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçiləri -  Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev və Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, aqrar üzrə fəlsəfə doktoru İsmayıl Quliyev “Azərbaycan” qəzetinə müsahibə veriblər.

Xəzərin səviyyə tərəddüdlərinin fəsadları haqqında danışan Ə.Əliyev hazırkı dövrə qədər Azərbaycanın təxminən 38 min hektar ərazisinin su altından çıxdığını və bu torpaqların texniki xüsusiyyəti və tərkibinə görə ərazilər üzrə fərqləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, dənizin quruduğu ərazilərdən çimərlik sahələrinin genişləndirilməsi, kurort tipli ərazilərin artırılması, həmçinin kənd təsərrüfatı, müxtəlif sənaye sahələrinin, xüsusilə balıqçılığın inkişafı məqsədilə istifadə etmək olar. Planlı şəkildə işləmək lazımdır ki, dənizin səviyyəsi artanda böyük ziyan vurmasın.

Xəzərin geri çəkilməsi nəticəsində üzə çıxan torpaq sahələrinin kənd təsərrüfatında istifadəyə yararlı olub-olmadığı fikrinə münasibət bildirən İ.Quliyev bir santimetr torpaq qatının əmələ gəlməsi üçün azı yüz ilin lazım olduğunu dilə gətirib. Bəzən belə yerlərə torpaq kimi yanaşılsa da, ümumiyyətlə, həmin yerlərdə torpağın olmadığını vurğulayan torpaqşünas alim orada iqlim amili, bitki örtüyü və digər faktorların təsiri ilə torpaq əmələgəlmə prosesinin getməli olduğunu bildirib. İ.Quliyev onu da əlavə edib ki, orada yalnız yüngül sənaye obyektləri yaratmaq, müəyyən qurğular quraşdırmaq olar. Məsələn, dəniz suyunun şirinləşdirilməsi ilə bağlı sistem qurula bilər ki, bunu da dəniz geri qayıdanda köçürmək mümkündür.

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023