AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-də 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
Sep 27, 2024 | 09:42 Mühüm hadisələr

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.  

Anım mərasimində AMEA nəzdində RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edib.

Azərbaycan xalqının tarixən yaşadığı faciələr, xalqımızın başına gətirilmiş müsibətlər, ötən əsrin 90-cı illərində ölkəmizdə yaşanan siyasi xaos və torpaqlarımızın işğalı haqqında danışan professor Qurban Yetirmişli bildirib ki, 44 günlük Vətən Müharibəsi və ötən ilin sentyabr ayında keçirilən 23 saatlıq antiterror əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı.

“Çünki Azərbaycan xalqı öz Ali Baş Komandanının və ordusunun ətrafına bir yumruq kimi birləşərək, öz torpaqlarını düşmən tapdağından azad etdi. Baxmayaraq ki, 30 ildən çox idi ki, dünyadakı bəzi güc mərkəzləri və ermənipərəst dövlətlər bu münaqişənin həllinə imkan vermirdilər. Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti, xalqımızın birliyi və Müzəffər Ordumuzun - qəhrəman oğullarımızın, əsgər və zabitlərimizin bütün dünya xalqlarına, dünya ordularına örnək olan misilsiz qəhrəmanlıqları sayəsində torpaqlarımız işğaldan azad olundu. Xalqımızın 30 illik torpaq nisgilinə son qoyuldu.  Ötən ilin sentyabr ayının 19-da başlayan və 20-də başa çatan 23 saatlıq antiterror əməliyyatı ilə rəşadətli ordumuz qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Tarixi ədalət bərpa olundu. Bu tarixi qələbəni bizə Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz, əsgər və zabitlərimiz, şəhidlərimiz və qazilərimiz qazandırdı. Bu Qələbəyə görə hər birimiz onlara minnətdarıq. Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir”,- deyə baş direktor vurğulayıb.

Tədbir RSXM-nin Elektron xidmətlər şöbəsi tərəfindən hazırlanmış Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunan “Həmişə bizimləsiniz” adlı videoçarxın nümayişi ilə başa çatıb.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023