Oct 02, 2024 | 10:43 Yeni nəşrlər
“Xalq qəzeti”ndə akademik H.Əliyev adına Coğrafiya İnstitutu “Qurunun hidrologiyası və su ehtiyatları“ şöbəsinin müdiri, professor Rza Mahmudovun “Su qıtlığı dünyanı təhdid edir” başlığı altında müsahibəsi dərc edilib.
Dünyanın 33 ölkəsinin su çatışmazlığı problemindən əziyyət çəkdiyini deyən müsahib Azərbaycanın da bu ölkələr sırasında olduğunu qeyd edib. Onun sözlərinə görə, tədqiqatlar ayrı-ayrı illərdə daşqınların, axımların artmasına baxmayaraq, çaylarda su sərfləri azalmaqda davam etdiyini göstərir. Yağıntıların miqdarında isə çoxillik normaya nisbətən 37 millimetr azalma müşahidə edilib.
Hidroloq alim bildirib ki, Ümümdünya Meteorologiya Təşkilatının məlumatına əsasən, dünyada son 22 ilin 20-si davamlı temperaturun artması ilə müşahidə olunub. İqlim dəyişmələri bütövlükdə, ətraf mühitə və su obyektlərinə mənfi təsir göstərir, əhaliyə, insanların səhhətinə, biomüxtəlifliyə, kənd təsərrüfatına, infrastruktura ciddi iqtisadi ziyan vurur. Dünya üzrə suya tələbat 6 dəfədən çox artıb. Belə həyati vacib problemlərin həlli məqsədilə çoxsaylı beynəlxalq tədbirlər reallaşdırılır ki, Azərbaycanda baş tutacaq 29-cu Beynəlxalq iqlim konfransı da belə tədbirlərdən biridir.