Oct 03, 2024 | 11:40 Görüşlər
Beynəlxalq Elm Şurasının (ISC) Məlumat Komitəsi (CODATA) işçi qrupunun üzvü kimi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) seminar və görüşlərində iştirak etmək üçün dəvət alan AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayılov 10 gün müddətində Çin Xalq Respublikasında ezamiyyətdə olub.
Çin Elmlər Akademiyası Coğrafiya Elmləri və Təbii Resursların Tədqiqi İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə ABŞ, CAR, Yaponiya, Pakistan, Nepal, Butan, Banqladeş, Vyetnam, Filippin, İndoneziya, Papua Yeni Qvineya və s. kimi 20-dən çox ölkənin nümayəndələri, o cümlədən dövlət qulluqçuları iştirak edib.
Pekin şəhərində təşkil edilən interaktiv sessiyalarda “Bir ölkə, bir prioritet məhsul” (One Country One Priority Product) proqramının inkişaf etməkdə olan ölkələrdə tətbiqi, genişləndirilməsi və imkanları müzakirə edilib, “Coğrafi göstəricilər, ətraf mühit və davamlılıq” (Geographical Indications Environment and Sustainability) metodunun elmi əsasları və regionlarda kənd təsərrüfatına tətbiqinin üstünlükləri nümayiş etdirilib. Keçirilən sessiyalarda Emil Cəbrayılov coğrafi informasiyanın toplanması, emalı və kənd təsərrüfatı bitkilərinin istehsalı prosesində real zamanda istifadə edilməsinin əsaslandırılması istiqamətində dəfələrlə çıxış edib, uyğun mövzularda KIV nümayəndələrinə müsahibələr verib.
Nümayəndələr Çinin Jilin, Şansı və Hubey vilayətlərinə səfər edərək yeni metodlarla kənd təsərrüfatı məhsullarının istehsal prosesi ilə tanış olublar, əkin sahələrində praktiki məşğələ və təlimlərdə iştirak ediblər.