AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
GGİ-yə Akkreditasiya haqqında şəhadətnamə təqdim edilib
Oct 10, 2024 | 10:10 Mühüm hadisələr

Elm və Təhsil Nazirliyinin  Geologiya və Geofizika İnstitutuna  akkreditasiya haqqında şəhadətnamənin təqdimat mərasimi keçirilib.


Tədbirdə AR Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında  Ali Attestasiya Komissiyasının sədri iqtisad elmləri doktoru, professor Famil Mustafayev,  sədr müavini fizika elmləri doktoru Sakin Cabbarov və aparatın digər əməkdaşları,  Azərbaycan Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, SOCAR-ın məsul nümayəndələri,  Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov, ETN Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru, professor Zakir Eminov, həmçinin  ölkənin ali təhsil və elmi  müəssisə rəhbərləri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunub baş direktoru akademik Akif Əlizadə  qonaqları və tədbir iştirakçılarını salamlayaraq  başçılıq etdiyi kollektivin əməyinə verilən yüksək dəyər üçün minnətdarlığını bildirib. Eləcə də özünün keçdiyi həyat və elmi fəaliyyət dövrünə aid konkret misallarla ölkə geoloqlarının dünyada tanınan elmi nailiyyətlərindən danışıb. Akademik vurğulayıb ki, Azərbaycan müstəqilliyə qədəm qoyduqdan sonra ölkəyə müdrik rəhbərlik sayəsində elmə, o cümlədən neft-geoloji sərvətlərin idarə edilməsi uzaqgörən siyasətə söykəndi və nəticədə respublikada hökm sürən ictimai-ciyasi böhran aradan qaldırıldı. “Ötən illər ərzində qarşıya qoyulmuş vəzifələri dürüst və səmərəli yerinə yetirmək  sayəsində qazandığımız yüksək elmi nəticələrin Ali Attestasiya Komissiyasının yüksək qiymətləndirməsi , doğrusu, məni riqqətə gətirir.  GGİ-nin akkreditasiya haqqında şəhadətnaməyə layiq görülməsi bizə həm fəxarət hissi aşılayır, həm də daha həvəslə işləməyə ruhlandırır. Azərbaycan Respublikasının Prezidenti yanında  Ali Attestasiya Komissiyası səviyyəsində qiymətləndirildiyimiz üçün kollektivimiz adından  minnətdarlığımı ifadə etmək istəyirəm”, - deyə Akif Əlizadə bildirib.


Sonra Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev çıxış edərək akkreditasiya prosesindən danışıb, GGİ-də görülən işin keyfiyyəti, resusrlardan istifadə, doktorantura təhsili, idarəetmə və nəzarət, akademik dürüstlük və digər şərtlərə əməlolunma dərəcəsini, həmçinin akkreditasiyanın  digər tələblərinin necə tətbiq edildiyini diqqətə çatdırıb. Natiq həmçinin elmi müəssisənin özününqiymətləndirmə hesabatı əsasında Ekspert Şurasının müşahidələrini xüsusi vurğulayıb. Professor Famil Mustafayev  həmçinin bildirib ki, GGİ beynəlxalq əməkdaşlıq əlaqələrini  genişləndirməyə, beynəlxalq və milli tədqiqat  cəmiyyətlərində iştiraka nail olub.  İnstitut SCİMAGO- təşkilatların beynəlxalq reytinq siyahısına ayrıca reytinqlə daxil olmağı da təmin edib.


Millət vəkili Anar İsgəndərov Azrbaycanda həm humanitar, həm də dəqiq  elmlərin inkişafında vəhdət məqmından söz açaraq prosesdə alim-şəxsiyyət faktının əhəmiyyətini önə çəkib. Deyilənlərlə  bağlı nümunə kimi elm yolunun yorulmaz yolçusu akademik Akif Əlizadənin səriştəli və çoxillik rəhbərlik nümunəsini xatırladıb. Bildirib ki, GGİ-də qazanılan uğurları məhz əzmkar alim kollektivinin adına yazan baş direktor Akif Əlizadə təvazökarlıq baxımından haqlı olsa da, onun idarəetmədə  rəğbətləndirmək və şəxsi nümunə prinsipləri faktı da danılmazdır. Şəxsən mən akademikin bu gün burada söylədiyi “Yaxşı alim həm də pedaqoq, yaxşı pedaqoq eləcə də alim olmalıdır” fikri ilə tam şərikəm. Artıq şübhə yoxdur ki, GGİ-nin nüfuzunu qaldıran amillərdən biri də elmə yanaşmada müasir tələblərin tətbiqidir”, - deyə A. İsgəndərov vurğulayıb.


Daha sonra Azərbaycan Respublikaısının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr professor Famil Mustafayev akkreditasiya şəhadətnaməsini Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadəyə təqdim edib.


Çıxışına “Hazirkı tədbir daha çox Azərbaycan elmi üçün yeni bir addım hesab oluna bilər” mülahizəsi ilə başlayan  AR Elm və Təhsil naziri Emin Əmrullayev ölkə elminin və təhsilinin inkişafına yönəlmiş bir sıra mühüm məqamlara toxunub. Bildirib ki, təhsil  prosesini daha çox səmərə verən yönə istiqamtləndirmə prosesi hazırda diqqət çəkir və şübhəsiz ki, bu tədbirlər fayda verəcək.


Sonda akademik Akif Əlizadə Ali Attestasiya Komissiyasına və tədbir iştirakçılarına təşəkkür edib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023