Oct 16, 2024 | 09:24 Görüşlər
2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili ilə əlaqədar Azərbaycan Coğrafiya Cəmiyyəti (ACC) və H.Əliyev adına Coğrafiya İnstitutunun (Cİ) birgə təşkil etdikləri silsilə tədbirlərin növbəti ünvanı olub.
İctimaiyyət nümayəndələri ilə təşkil edilən görüş Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzinin ziyarəti ilə başlayıb və iclas zalında davam edib.
Tədbiri giriş sözü ilə açan Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Afət Mustafayeva qonaqların rayona gəlişinin məqsədini açıqlayıb. Bildirib ki, AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvləri və coğrafiyaçı alimlər Azərbaycanda keçiriləcək iqlim dəyişmələri ilə bağlı ən mötəbər beynəlxalq tədbir olan COP29 haqqında çıxışlar edəcək, ictimaiyyəti məlumatlandıracaqlar.
Tədbirdə “Müasir dünyada ekoloji vəziyyətin dəyişməsinin tendensiyaları və bunun Azərbaycanda təzahürləri” mövzusunda təqdimatla çıxış edən ACC-nin sədri, Cİ-nin şöbə müdiri c.ü.f.d., dos. Mirnuh İsmayılov ətraf mühitin mühafizəsi və qorunmasında elm və texnologiyanın ən innovativ üsullarından istifadə olunmasının vacibliyini, yeni elmi layihələrin işlənib hazırlanmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Sonra c.ü.f.d. Gülnar Hacıyeva Qarabağın ekoloji problemləri və ona qarşı həyata keçirilən tədbirlər haqqında geniş şərh verərək işğal dövründə Qarabağın təbiətinə vurulan ziyan və həyata keçirilən ekosid haqqında ətraflı məlumat verib, bu dövr ərzində Qarabağın faydalı qazıntılarının istismarı və ətraf mühitə dəyən ziyanları qeyd edib.
Elmi işçi Emil Cəbrayılov “İqlim dəyişmələrinin ekocoğrafi təsirləri” mövzusundakı çıxışında iqlim dəyişmələrinin ətraf mühitə təsirindən danışıb. O, qeyd edib ki, Azərbaycan hər zaman qlobal iqlim siyasəti ilə bağlı dövlətlərin apardığı birgə fəaliyyətə dəstək və töhfə verir, "yaşıl" hədəflər uğrunda daha çox səy göstərilməsini təşviq edir.
C.ü.f.d., dosent Səidə Zeynalova Azərbaycanda iqlim dəyişiklikləri şəraitində su ekosistemlərinin ekocoğrafi problemləri haqqında geniş danışaraq, ekosistemdə gedən pozulmalar haqqında təqdimatla çıxış edib.
Tədbirin sonunda fikir mübadiləsi aparılıb, şəhər ictimaiyyətinin nümayəndələri mövzu ətrafında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Mirnuh İsmayılov tədbirin təşkilinə göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə təşəkkürünü bildirib.