Oct 17, 2024 | 12:47 Müsahibələr, çıxışlar
H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Bakı Dövlət Universitetində Hidrometeorologiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş “Hidrometeorologiyanın müasir nailiyyətləri və inkişaf istiqamətləri” adlı Respublika elmi konfransında iştirak ediblər.
İnstitutun baş direktoru professor Zakir Eminov konfransın plenar iclasında çıxış edib. Alim çıxışında hazırda dünyada baş verən iqlim dəyişmələri və su ehtiyatlarından istifadədə yaranan problemlərdən, onların həllində meteoroloq və hidroloq mütəxəssislərə olan böyük ehtiyacdan bəhs edib. O deyib ki, bu il Azərbaycanda iqlim dəyişmələri üzrə konfransın keçirilməsi də bunun nə qədər vacib olduğunu, kadrlara tələbatın yüksək olduğunu bir daha sübut edir. Təkcə kafedranın inkişafı kifayət etmir, artıq meteorologiya və hidrologiya üzrə ayrıca fakültənin yaradılmasının vaxtı çoxdan çatıb. Hələ Xəzər dənizində yaranan problemləri də bura əlavə etmək lazımdır.
Çıxışının sonunda Z.Eminov bütün coğrafiyaçılar ailəsini, o cümlədən yubileyi keçirilən kafedranın əməkdaşlarını təbrik edib, onlara işlərində və tədrisdə uğurlar arzulayıb.
“Qurunun hidrologiyası və su ehtiyatları“ şöbəsinin müdiri, professor Rza Mahmudov iclasda “Azərbaycanda regional iqlim dəyişmələri və kompleks su balans metodu ilə Qarabağ ərazi çaylarının su ehtiyatlarının qiymətləndirilməsi” mövzusu ilə məruzə edib.